Almaniyadan Azərbaycana qaytarılan daha bir şəxs həbs olunub

Xəbərin çap versiyası
Tarix: 20-05-2022, 16:49


Tənqidçi mövqeyi ilə tanınan ictimai fəal Ziya İbrahimlinin Bakı Hava limanında həbs edildiyi deyilir.

Civilazerbaijan.com
bildirir ki, Toplum Tv-nin məlumatına görə, bu barədə mayın 20-də jurnalist Əfqan Muxtarlı “feysbuk” hesabında yazıb:

“Bu dəqiqələrdə Biləsuvar məhkəməsində Ziya İbrahimlinin məhkəməsi gedir. Ona vəkil tutmağa belə imkan verilməyib. Ziya bəy 2019-cu ildən Almaniyada yaşayıb. Onun eyni il axtarışa verilməsi siyasi fəaliyyəti ilə bağlıdır. Azərbaycanda yaşamayan adamı Biləsuvar polisi niyə axtarışa versin?”

Ə.Muxtarlı fəalın həbsində Almaniya Hökumətinin də məsuliyyət daşıdığını bildirib:

“Əvvəl-əvvəl 2-3 ay gözləyib həbs edirdilər. İndi elə aeroportda həbs edirlər. Vətənə döndükdən sonra həbs edilən mühacirlərin hər biri üçün Almaniya höküməti məsuliyyət daşıyır”.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev fəalın saxlanılmasını təsdiqləsə də, bunun siyasi motivli olmadığını bildirib.

“Barəsində aliment öhdəliyi ilə bağlı axtarışı var. Aidiyyəti üzrə müvafiq ədliyyə orqanına təhvil veriləcəkdir”.

Daha əvvəl də Almaniyadan readmissiya olunan 5 nəfər müxtəlif səbəblərlə həbs olunub.

2014-cü ildə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında" saziş imzalanıb. Saziş Azərbaycan və ya Avropa İttifaqına üzv dövlətlərin ərazisinə daxil olmaq, orada qalmaq və ya yaşamaqla bağlı şərtlərə əməl etməyən şəxslərin müəyyən edilməsini, təhlükəsiz və nizamlı şəkildə qaytarılmasını nəzərdə tutur.

Dövlət Miqrasiya Xidməti 2021-cidə 420 şəxsin readmissiya olunduğunu açıqlayıb (onların 39 nəfəri Almaniyadan ölkəyə readmissiya olunub). Bu göstərici 2020-ci illə müqayisədə 2,9 faiz artıb. Readmissiya ilə bağlı sorğu sayı isə 440 olub.

Rəsmi məlumata görə, Avropa İttifaqı ilə saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası baş tutub. Daha 4160 şəxsin sorğusu müsbət cavablandırılıb, 2147 nəfərin isə readmissiyası nəzərdə tutulur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz