Qiymət artımı elə bir həddədir ki, heç kəs inkar edə bilmir - İQTİSADÇI

Xəbərin çap versiyası
Tarix: 26-05-2022, 02:33


“Ötən il sabit milli valyutanın məzənnəsi şəraitində Azərbaycanın iqtisadi inkişafına mənfi təsirlər olub. Bu, əsasən, xarici faktorlarla bağlıdır. Söhbət inflyasiyanın artmasından gedir”.

Civilazerbaijan.com Meydan TV-yə istinadla bildirir ki,Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 25-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir əlavə edib ki, Azərbaycanda nəzərdə tutulduğundan daha yüksək inflyasiya səviyyəsi qeydə alınıb.

O, səbəblərdən biri kimi dünya bazarında ərzaq məhsullarının qiymətinin artmasını göstərib: “Cari ildə də proses, təəssüf ki, davam edir və hətta daha da kəskinləşib”.

Bu ilin ilk 3 ayında Azərbaycanda idxal malları üzrə qiymətlər ötən ilin 3 ayına nisbətən 20 faiz artıb.

Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda belə deyilir.

İqtisadçı Fərid Mehralızadənin fikrincə, artıq bir müddətdir ki, hökumət qiymət artımları ilə bağlı açıq danışır. Çünki dünyanın hər yerində, qlobal iqtisadiyyatda ən çox müzakirə olunan nüans inflyasiyadır:

“Hətta BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı da bu yaxınlarda açıqlamışdı ki, son 30 ilin rekord qiymət artımları müşahidə edilir”.

“Qiymət artımı artıq elə bir həddədir ki, bunu heç kim inkar edə bilmir”, – deyə o bildirib.

Dünyada xüsusən də ərzaq məhsullarının qiymətinin artma səbəblərinə gəlincə, iqtisadçı deyir ki, buna həm təchizat zəncirinin pozulması, həm də pandemiya məhdudiyyətlərinin daşımaların xərcini artırması təsir edib.

Eyni zamanda, iqlim dəyişikliyi məsələləri, quraqlıq və su qıtlığının da az rolu olmayıb:

“Daha bir səbəb isə kənd təsərrüfatı bazarında iki ciddi oyuncu olan Rusiya və Ukrayna arasındakı müharibədir. Dünyada ərzaq məhsullarının qiymətinin kəskin artmasına təkan verib”.

Bahalaşmanın təsirlərinin minimumlaşdırılmasına gəlincə, Fərid Mehralızadə deyir ki, Azərbaycanın bəzi qida məhsulları sarıdan ciddi asılılığı var, xüsusən də taxıl baxımından:

“Düzdür, tez-tez deyirlər ki, yerli istehsalı artırıb, bunun qarşısını almaq olar. Mənsə düşünürəm ki, bu, tam həll yolu deyil. Çünki yerli istehsalın da müəyyən komponentləri var. Məsələn, dəyər zəncirinin formalaşmasında idxalın mühüm rolu var”.

“Bunu yaxınlarda siqaretlə bağlı nüansda gördük. Siqareti özümüz istehsal edirik, lakin tütünü Ukraynadan alırıq. Ukraynadakı müharibə səbəbindən ölkəyə tütün gətirilməsində problemlər yaranmışdı. Yəni bir məhsulun yerli istehsal olması o demək deyil ki, onun qiyməti artmayacaq”, – iqtisadçı belə deyir.

Onun sözlərinə görə, Azərbaycan dünyadakı ərzaq bahalaşmasının təsirlərini yalnız məhsuldarlığı artırmaqla minimuma endirə bilər. Lakin bu da ciddi məsələdir, çünki ölkədə su çatışmazlığı problemi var:

“Daha institusional və əhatəli, ciddi dəyişikliklərə ehtiyac var. Son dövrlərdə görürük: hökumət qida təhlükəsizliyi ilə bağlı İsraillə və Türkiyə ilə müəyyən danışıqlar aparır. Görünür ki, yeni texnologiyalar tətbiq etməklə məhsuldarlığı artırmaq istəyirlər. Bu, vacib məsələdir”.

Tez-tez səsləndirilən məsələ isə işğaldan azad olunmuş ərazidə əkin işlərinin aparılması ilə problemdən qurtulmaqla bağlıdır.

Fərid Mehralızadə deyir ki, orada hələ əkin-biçin işləri o qədər də geniş sahələri əhatə etmir.

Onun fikrincə, indiki mərhələdə həmin ərazilərdən əldə edilən məhsulların ciddi dəyişiklik gətirəcəyini demək olmaz:

“Minalardan təmizlənməyən ərazi çoxdur. Biz həmin ərazilərdən gələcək məhsuldarlığın təsirini bir neçə il sonra hiss edə bilərik. Amma oradakı istər su, istərsə də torpaq resursları ümumi məhsul istehsalını artıracaq. Amma bütün problemləri həll edə biləcək, inqilabi bir dəyişiklik gözlənilmir”.

Qiymət artımını tənzimləməyə gəlincə, iqtisadçı bildirib ki, 2022-ci il üçün neftin bareli büdcədə 50 dollardan hesablanıb:

“Amma uzun müddətdir ki, 100 dolların üstündədir. Bu, büdcə gəlirlərini artırıb, lakin həmin əlavə gəlirin inflyasiyanın qarşısını almaq üçün istifadə ediləcəyi ilə bağlı hər hansı mesaj verilməyib.

O deyir ki, prezidentin son çıxışında mesaj fərqli idi:

“”Ola bilsin ilin ortasında büdcəyə yenidən baxıb, bərpa işlərinə daha çox vəsait ayıraq”, – deyirdi. Lakin yaxşı bir nüans da var. Bu yaxınlarda Nazirlər Kabineti bəzi məhsulların idxalını rüsum və vergilərdən azad etdi. Düzdür, çeşidi çox deyildi, amma müəyyən qədər vardı. Bəzi qida məhsullarının gömrük rüsumu və vergilərinin azaldılması qiymət artımının qarşısının alınmasında bir metod ola bilər”.

Fərid Mehralızadə inflyasiyanın mütləq şəkildə tənzimlənməli olduğunu düşünür. Deyir ki, ölkədə insanların xərclərinin yarısını qida və ərzaq məhsulları təşkil edir.

Bu məhsulların qiymətinin bahalaşması insanların rifahına birbaşa, ciddi təsir edir.

Ona görə hökumət bir kanalla yox, əlində olan bütün vasitələrlə qiymət artımının tənzimləməlidir:

“Bura həm vergi və gömrük rüsumlarının azaldılması, yerli istehsalın təşviq edilməsi və digər situmullaşdırıcı addımlar daxildir”.

İqtisadçı Rövşən Ağayev də daha öncə bildirmişdi ki, istehlakının yarısından çoxu xaricdən formalaşan Azərbaycanda 20 faizlik idxal bahalanması inflyasiyanın insanların cibini soğan kimi soyduğu anlamına gəlir: “Qiymətlərin belə yüksək artımı vergi tutulan dövriyyəni də şişirdir. Üstəlik, hökumət də vergi artımlarını inflyasiyanın ayağına yazmadan özünün uğurlu iqtisadi siyasətinin nəticələri kimi gen-bol təbliğ edir”.

Azərbaycanda bahalaşma dalğası ötən il dizelin qiymətinin qalxması ilə başlayıb.

İlin sonlarına doğru, oktyabrın 16-da Tarif Şurasının qərarı ilə təbii qazın və elektrikin qiymətlərinin artması ilə davam etdi. Bahalaşmanın 20 faiz olduğu bildirildi.

Ardınca kənd təsərrüfatı mallarında, ərzaq məhsulları, ət, un, yağ, meyvə və tərəvəzin qiymətində artım başladı.

Noyabrda “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik qəbul edildi və bəzi dövlət rüsumlarının məbləği artdı. Bura baytarlıq şəhadətnaməsinin verilməsi, nikahın qeydə alınması, mobil cihaz rüsumları, avtomobil qeydiyyat nişanı rüsumu və s. daxildir.

2021-ci ildə isə bahalaşma ət məhsulları və un məmulatlarının qiymətinin artması ilə davam etdi. Rəsmilər isə bunu dünyada taxılın qiymətinin artması ilə izah edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz