Avropa Şurası nümayəndə heyəti Azərbaycan Ali Məhkəməsinin işi ilə maraqlanıb

Xəbərin çap versiyası
Tarix: 17-06-2022, 16:28


Bu gün Azərbaycan Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərovun Avropa Şurasında bir sıra ölkələrin nümayəndəliklərinin rəhbərlərilə görüşündə Azərbaycanda hüquqi islahatların aparılması məsələləri müzakirə olunub.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Azərbaycan Ali Məhkəməsinin məlumatında deyilir.

Görüşdə Avropa Şurası Nümayəndələr Komitəsinin demokratiya üzrə məruzəçilər qrupunun sədri, İsveçin Avropa Şurasındakı daimi nümayəndəsi Martin Ehnberq, Türkiyə, Estoniya və Finlandiyanın bu təşkilatdakı daimi nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

Əsgərov Azərbaycanda məhkəmə-hüquq sistemində aparılan islahatlar barədə qonaqlara məlumat verib.

Ali Məhkəmənin vahid məhkəmə praktikasının formalaşdırılması üzrə səlahiyyətlərinə toxunan Əsgərov deyib ki, həmin orqanın kollegiyaları tərəfindən bir sıra məsələlər üzrə vahid məhkəmə praktikasının formalaşdırılması məqsədilə qərarlar qəbul edilib.

İslahatlar çərçivəsində keçən ilin oktyabrından kassasiya məhkəməsi işlərə, bir qayda olaraq, yazılı icraat qaydasında baxır.

Bu, Ali Məhkəmənin işinin daha səmərəli qurulmasına, məhkəmədə işlərə baxılarkən vaxt itkisinin qarşısının alınmasına və bütövlükdə baxılan işlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Bundan əlavə, son vaxtlarda elektron məhkəmə informasiya sistemindən istifadə imkanları daha çox genişlənir.

Ali Məhkəmədə struktur dəyişiklikləri barədə məlumat verən Əsgərov bildirib ki, Ali Məhkəmə aparatında məhkəmə işlərinin idarə edilməsi üzrə şöbə yaradılıb.

Bu qurum həm Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına, həm də Ali Məhkəmənin qərarlarında Konvensiyanın tələblərinin əks olunmasına institusional dəstək göstərməklə məhkəmənin işinə əhəmiyyətli töhfə verir.

Çingiz Əsgərov qeyd edib ki, Avropa Şurası institutları ilə işgüzar əlaqələrin genişləndirilməsinə, eləcə də təşkilata üzv ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verilir.

Bu mənada o, Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illərə dair Fəaliyyət Planını qeyd edib.

Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Ali Məhkəmə Avropa məhkəməsinin fəaliyyətinin və orada tətbiq edilən texnologiyaların öyrənilməsində maraqlıdır.

Avropa Şurası nümayəndə heyətinin rəhbəri Martin Ehnberq "Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılan islahatları yüksək qiymətləndirib". O, Azərbaycanla Avropa Şurası arasında əlaqələrin birbaşa dialoq formasında daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb, bu, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına kömək edəcək, Turanın xəbərində qeyd olunur.

"Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə insan hüquqlarının təmin olunması və bu sahədə məhkəmələrin qarşısında duran vəzifələrin yerinə yetirilməsilə bağlı faydalı müzakirələr aparılıb", - Ali Məhkəmənin məlumatında bildirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz