Avropa məhkəməsindən Rafiq Tağının qətlinə dair cinayət işi üzrə QƏRAR

Xəbərin çap versiyası
Tarix: 7-07-2022, 18:27


İyulun 7-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan olan yazıçı, publisist Rafiq Tağının qətlinə dair iş üzrə qərar çıxarıb.

Civilazerbaijan.com
bildirir ki, hüquqşünas Xalid Ağalıyevin verdiyi məlumata görə, AİHM bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozulduğunu müəyyən edib. Qərara əsasən, Azərbaycan hökuməti iddiaçıya – mərhumun xanımına 12 min avro, məhkəmə xərclərinə görə isə 2 min avro kompensasiya ödəməlidir.

R.Tağının qətli ilə bağlı istintaq 2013-cü ildə cinayətkar(lar)ın müəyyən edilməsi mümkün olmaması əsası ilə dayandırılmışdı. Milli məhkəmələr ərizəçinin istintaqın dayandırılması ilə bağlı qərardan verdiyi bütün şikayətləri rədd etmişdilər.

Qərara, hələlik, Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Avropa məhkəməsindən Rafiq Tağının qətlinə dair cinayət işi üzrə QƏRAR

Rafiq Tağı və Samir Sədaqətoğlu, 2007-ci il, Səbail Rayon Məhkəməsi

Qeyd edək ki, 2006-cı ildə "Sənət qəzeti"ndə dərc edilmiş "Avropa və biz" məqaləsinə görə yazar Rafiq Tağı və qəzetin Baş redaktoru Samir Sədaqətoğlu (Hüseynov) həbs edilib.

Yazıçı-publisist R. Tağının sözügedən məqaləsində islam dini və Məhəmməd peyğəmbər haqqında bəzi fikirlər yer alıb. Həmin məqalənin dərcindən sonra R. Tağı və S. Sədaqətoğlunun Məhəmməd peyğəmbəri təhqir etmələri iddia olunub. "Avropa və biz" yazısında isə islam və xristianlıq mənəviyyat və humanizm nöqteyi-nəzərdən və bəşəriyyətin inkişafı konteksindən müqayisə olunur. Məqalə dərc edildikdən sonra R. Tağıya və qəzetin Baş redaktoru S. Sədaqətoğluna qarşı dindarlar tərəfindən böyük və ardı-arası kəsilməyən təzyiqlər başlayıb, yerli dindarlar (Nardaran icması) və İranın bir neçə ali dini ruhanisi - Ayətullahlar Məhəmməd Fazil Lənkərani, Mürtəza Bəni Fəzl və Möhsün Müctəhid Şəbistəri tərəfindən Rafiq Tağı və Samir Sədaqətoğlunun qətlə yetirilməsi ilə bağlı ölüm hökmü fətvası verilib.

Hər iki yazar 2006-cı ilin noyabrında həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 283-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsinin tələblərini pozmaqda təqsirli biliniblər. Məhkəmə R. Tağını 3 il, S. Sədaqətoğlunu isə 4 il müddətinə azadlıqdan məhrum edib.


"Sənət qəzeti"

5 dekabr 2019-cu il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mərhum yazıçı-publisist Rafiq Tağı və onun həmkarı - "Sənət qəzeti"nin təsisçisi və Baş redaktoru Samir Sədaqətoğlunun (Hüseynov) şikayəti - “Rafiq Tağı və Samir Sədaqətoğlu Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.

Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələdə İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulduğunu bildirib. AİHM-ə şikayətdə deyilirdi ki, dövlət hər iki məhkumun etiqad və ifadə azadlığına müdaxilə edib.

Məhkəmə Azərbaycan hökumətinin üzərinə R. Tağının ailəsinə və S. Sədaqətoğluna maddi təzminat ödəmək öhdəliyi qoyub.

R. Tağı 2011-ci il noyabrın 19-da naməlum şəxsin hücumuna məruz qalaraq çoxsaylı bıçaq zərbələri alıb, dörd gün sonra isə xəstəxanada müəmmalı şəraitdə vəfat edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz