Bakıda quru sərhədlərin açılması tələbi ilə etiraz aksiyası keçirilib

Xəbərin çap versiyası
Tarix: 20-07-2022, 14:56


Çərşənbə günü polis Bakıda Nazirlər Kabinetinin binası qarşısında ölkənin quru sərhədlərinin açılması tələbi ilə keçirilən etiraz aksiyasını dağıdıb.

Civilazerbaijan.com
bildirir ki, aksiya saat 12:00-a təyin edilmişdi, amma saat 11:30-dan etibarən binaya gedən yol gücləndirilmiş polis dəstələri tərəfindən bağlanıb. Bu zaman polis bu yola birləşən küçələrdən aksiyaya gələnləri uzaqlaşdırmağa başlayıb.

Qəzəblənən iştirakçılar jurnalistlərə müsahibələrində öz narazılıqlarını bildiriblər. Polis əməkdaşları dərhal onları saxlayaraq, gətirilən avtobuslara mindirib. Saxlanılanlar arasında qadınlar, yaşlılar və müharibə veteranları da var idi.

İlk olaraq saxlanılan Tofiq Yaqublu (Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının fəalı) və Seymur Həzi (AXCP sədr müavini) olub.

Nazirlər Kabinetinin binasından uzaqlaşdırılan 40-50 nəfər aksiyanı davam etdirib, şüarlar və sərhədin açılması haqqında çağırışlar səsləndirib. Eyni zamanda onlar "İstefa!" şüarı səsləndiriblər.

Polis iştirakçıların əksəriyyətini saxlayıb. İlkin qiymətləndirmələrə görə, saxlanılanların sayı 25 nəfərə yaxındır.

DİN-in mətbuat xidmətindən Turan agentliyinə bildiriblər ki, saxlanılan yoxdur.

"Razılaşdırılmamış aksiya ilə əlaqədar əvvəlcədən xəbərdarlıq edilmişdi. Saxlanılan yoxdur, sadəcə olaraq, aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb", deyə DİN-dən bildiriblər.

Xatırladaq ki, bu il iyulun 1-dən ölkə hakimiyyəti Türkiyə və İranla quru sərhədlərini bağlayıb.

Buna qədər (2020-ci ilin martından) Rusiya və Gürcüstanla quru sərhədləri bağlı idi. Bu, bahalı aviabiletləri alaraq xaricə gedə bilməyən əksər vətəndaşlar üçün ciddi problemlər yaradıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz