Şarl Mişel yenə Brüsseldə İlham Əliyev və Nikol Paşinyanla görüşəcək
Tarix: 25-08-2022, 18:15
Avqustun 31-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.
Civilazerbaijan.com bildirir ki, bu barədə “Armenpress”ə Ermənistan Baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşün gündəliyi ilə bağlı isə məlumat açıqlanmayıb. Habelə, Azərbaycanın rəsmi qurumları və Şarl Mişelin ofisi bu xəbərə hələ ki, münasibət bildirməyib.
Məlumatda həmçinin qeyd olunub ki, Brüssel görüşündən bir gün əvvəl, yəni, avqustun 30-da Moskvada Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri arasında görüş keçiriləcək.
Onların görüş zamanı delimitasiya və sərhəd təhlükəsizliyi məsələlərini müzakirə edəcəkləri bildirilir.
Qeyd edək ki, bu formatda tərəflər sonuncu dəfə mayın 22-də görüşüblər. Görüşdən bir gün sonra Şarl Mişel keçirdiyi mətbuat konfransında deyib ki, müzakirələr zamanı bütün məsələləri nəzərdən keçiriblər. Elə həmin konfransda Şarl Mişel iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəklərini də bildirmişdi.
22 may təması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin tərəflərlə bu formatda üçüncü görüşü idi.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər