Əvəz Zeynallı və Elçin Sadıqov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

Xəbərin çap versiyası
Tarix: 11-09-2022, 13:44


Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qəti imkan tədbiri seçib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə onların vəkilləri məlumatverib.

Məhkəmə 7 saatdan çox çəkib. Hakimlər müşavirə otağından 6 saatdan sonra qayıdıblar və qərarı Bakı vaxtı ilə səhər saat 4.30-da elan ediblər.

“Məhkəmə Əvəz Zeynallı və Elçin Sadıqovu Cinayət Məcəlləsinin 311.3.3 maddəsi (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə) ilə təqsirli bilir. Amma Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etmədi və həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirdi,” vəkillər qeyd edib.

Hər iki tərəf apellyasiya şikayəti verəcəklərini bildirib.

Bir neçə gün əvvəl "haqqin.az" portalının baş redaktoru Eynulla Fətullayev sosial media hesabında iddia etmişdi ki, Ə.Zeynallı sentyabrın 3-də hədə-qorxuyla həbsdə olan biznesmen Rasim Məmmədovun ailəsindən 20 min manat pul tələb edib.

Rasim Məmmədovun vəkili Elçin Sadıqov bu iddianı Rasim Məmmədovun ailəsinə istinadən təkzib edib. Əvəz Zeynallı da özünün “Xural TV” Youtube kanalında bu ittihamaları rədd edərək, onları "sifariş” adlandırıb.

Sentyabrın 10-da jurnalist Əvəz Zeynallı saxlanıldıqdan sonra Respublika Baş Prokurorluğunun Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, faktla bağlı cinayət işi başlanılıb.

“Xural” qəzetinin baş redaktoru olan Əvəz Zeynallı bundan öncə 2011-ci ilin sonlarında Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbsdə olub.

2013-cü ildə 9 il azadlıqdan məhrum edilib. Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunan baş redaktor 2014-cü ilin dekabrında prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin bu il fevralın 3-də yaydığı məlumata görə, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov saxlanılıb.

Məlumatda bildirilib ki, başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib, rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib, təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Rasim Məmmədovun rəhbərlik etdiyi "Baku Steel Cоmpany" ölkənin birinci böyük pоladəritmə müəssisəsi olub, 21 iyun 2001-ci ildə fəaliyyətə başlayıb.

Şirkətin polad istehsalına görə illik istehsal gücü bir milyon ton olub. Şirkət armatur, kvadrat pəstah, dairəvi pəstah, şveller, katanka (məftil), künclük, ikitavr, kvadrat və dəmir çubuq, habelə çeşidli fiqurlu tökmələr istehsal edib.

Son bir neçə ildə yerli mediada bu şirkətin monopolist mövqeyi, digər şirkətlərin əmlakının ələ keçirməsi və bir sıra yüksək vəzifəli şəxslərlə yaxınlıq mövqeyindən istifadə edərək bazarda üstünlük qazanması barədə məqalələr dərc olunub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz