Suriya qaçqınları Qarabağda yerləşdirilir - RƏSMİ
Tarix: 9-04-2017, 01:06
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Ermənistanın BMT-yə təqdim etdiyi hesabata alternativ hesabat verib.
SİVİL.AZ "Qaynar"-a istinadla xəbər verir ki, 24 aprel - 12 may 2017-ci il tarixlərində BMT-nin İrqi ayrıseçkiliyin bütün formalarının ləğvi Komitəsində Ermənistanın 2010-2015-ci illər üçün dövrü hesabatı müzakirə ediləcək. Ermənistan dövləti bu hesabatında irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında BMT Konvensiyasının tələblərinin təmin edilməsi vəziyyəti – qaçqınlar, milli azlıqlara qarşı ayrıseçklik, dini tolerantlıq və sair barədə məlumat verib. Lakin həmişə olduğu kimi, bu hesabatda da Ermənistan öz yalanları ilə, mövcud duruma müsbət don geyindirməklə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. AVCİYA Ermənistanın adı çəkilən hesabatına alternativ hesabat hazırlayaraq 6 (İngilis, Rus, İspan, İtalyan, Ərəb, Fransız) dildə BMT-yə təqdim edib. AVCİYA-nın bu hesabatında Ermənistanın növbəti yalanları, saxtakarlıqları tam ifşa edilib. Alternativ hesabat artıq BMT-nin rəsmi internet resursunda yerləşdirilib.
Hesabatda bildirilir:
• Ermənistan Respublikasının öz hesabatının Azərbaycan Respublikası ilə münasibətlərə aid hissələrində tarixi faktları saxtalaşdırıb. Avropa Şurası Parlament Assambleyasının 2016-cı ilin yanvar sessiyasında qəbul etdiyi "Azərbaycanın sərhədyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir" adlı 2085 (2016) saylı qətnamə Ermənistan dövlətinin Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərini işğal etməsi faktını təsdiq edir. Ermənistan Respublikası işğal edilmiş ərazilərdə etnik təmizləmə, mülki əhalinin kütləvi qətliamları, digər beynəlxalq cinayətlərə və məsul şəxslərin hüquqi məsuliyyətə cəlb etməməyə görə birbaşa cavabdehlik daşıyır;
• Ermənistan Respublikası 2085 saylı qətnamədə vurğulanan, işğal altındakı Sərsəng su anbarı vasitəsilə Azərbaycana “ekoloji təcavüz”, digər etnik qrupa - azərbaycanlılara qarşı edilən humanitar, mənəvi, iqtisadi, ekoloji və bioloji təhdidlər edir;
• Ermənistan Respublikası qonşu ölkənin ərazisində apardığı hərbi əməliyyatlara və insanların etnik əsaslarla öldürülməsinə, bu qəbildən olan şəxslərin əsirlikdə saxlamaqla, onlar barədə məlumat verməməklə, onlara qarşı zorakılıq, qeyri-insani rəftar tətbiq edilməsinə görə məsuliyyət daşıyır;
• Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazisində Suriya, İraq, Livan və digər yerlərdən olan qaçqınların qanunsuz olaraq yerləşdirilməsi siyasəti və tədbirləri BMT-nin İrqi ayrıseçkiliyin bütün formalarının ləğvi Konvensiyanın tələblərinin birbaşa pozulmasıdır;
• Daimi yaşayış yerlərindən məcburi köçürülmüş (deportasiya olmuş) azərbaycanlıların və digər etnik qrupların Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərinə və Ermənistanın Respublikasının ərazisinə qayıtmasının qarşısının alınmasına görə Ermənistanın siyasi hakimiyəti məsuliyyət daşıyır.
• Ermənistan Respublikası azərbaycanlılara məxsus dini ocaqları və tarixi abidələri dağıdır, mənşəyini saxtalaşdırır;
• Ermənistanın Respublikasının ərazisində irqi ayrıseçkiliyi təşviq edən siyasi təşkilat fəaliyyət göstərir, 2011-ci ildə BMT-nin həmin təşkilatın qanuni yolla kənarlaşdırılması barədə çağırışına da Ermənistan dövləti tərəfindən məhəl qoyulmayıb.
AVCİYA-nın təqdim etdiyi hesabatda bu kimi mühüm faktlar yer alır, eyni zamanda sadalanan məsələlərlə bağlı BMT Komitəsinə Ermənistan dövləti tərəfindən izahat verilməsi tələb edilir. Bildirilir ki, BMT-nin İrqi ayrıseçkiliyin bütün formalarının ləğvi komitəsi Ermənistan Respublikasından azərbaycanlılara və etnik mənsubiyyəti fərqli olan digər qruplara irqə görə ayrıseçkiliyi ləğv etməsini, irqə görə nifrət siyasətinə son qoymasını və buna aparan istənilən ictimai təşəbbüsün pislənməsini və qarşısının alənmasını tələb etməlidir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər