Gültəkin Hacıbəyli sərbəst buraxılıb, amma haqqındakı icraat yenilənib
Tarix: 30-11-2022, 13:12
Müxalifətdə olan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkinin Hacıbəyli sərbəst buraxılıb.
Civilazerbaijan.com bildirir ki, bu barədə onun özü AzadlıqRadiosuna məlumat verib.
G.Hacıbəylinin sözlərinə görə, ona bu gün, noyabrın 30-da, səhər saat 4 radələrində Azərbaycana qayıdarkən pasport nəzarəti zamanı axtarışda olduğu bildirilib: "Səhər saat 9:30-a qədər əvvəl Hava Nəqliyyatında Polis İdarəsində, daha sonra Nəsimi Rayon Polis İdarəsində saxlanmışam, sonra isə Nəsimi Rayon Məhkəməsinə aparılmışam".
G.Hacıyeva qeyd edib ki, barəsində oktyabrın 27-də cinayət işi qaldırılıb, lakin bunun haqqında ona heç bir məlumat verilməyib: "Sentyabrın əvvəlindən Bakıda yox idim. Mən ölkədə olmaya-olmaya mənə Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi açıblar və telefonlarım açıq olsa da, nə zənglə, nə SMS vasitəsilə bu barədə mənə xəbər veriblər. Sonra isə barəmdə axtarış elan ediblər və hətta vəkil təyin ediblər, amma bu vəkil də mənə xəbər verməyib".
İcraat təzələnib
Onun sözlərinə görə, cinayət işi üçün əsas Facebook sosial şəbəkəsində bir nəfərin yazdığı statusa yazdığı şərh olub: "Bir şəxs davamlı şəkildə milli zəmində aşağılayıcı fikirlər yazır ... Həmin şəxs də heç kəsin tanımadığı Facebook istifadəçisidir və bir neçə gün sonra həmin paylaşımını silib. Facebook-da mövcud olmayan statusa və şərhə görə mənim saxlanmağımla bağlı məhkəmə qərar verib".
G.Hacıbəyli status və onun müəllifi haqqında əlavə açıqlama verməyib.
G.Hacıbəyli əlavə edib ki, barəsində axtarış və saxlanma ilə bağlı məhkəmə qərarı ləğv edilib. Lakin məhkəmə icraatı təzələnib və dekabrın 8-də məhkəmə prosesi keçiriləcək.
Onun bu açıqlamasına, hələlik, rəsmi qurumlardan və başqa cavabdeh şəxslərdən münasibət almaq mümkün olmayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər