Fazil Mustafa güllələnməsindən danışdı
Tarix: 29-03-2023, 12:21
Deputat Fazil Mustafa martın 28-də, axşam saatlarında silahlı hücuma məruz qalmasının təfərrüatlarından danışıb.
Civilazerbaijan.com bildirir ki, Fazil Mustafanın “haqqin.az”a dediyinə görə, hadisə evinin qarşısında baş verib:
“Elə maşınla qaraja girməyə hazırlaşırdım, birdən ön şüşə sındı. Nə baş verdiyini anlamadım. Çiynimdə ağrı hiss etdim. Bundan sonra başa düşdüm ki, atəş açılır, atışma səslərini eşitdim”.
Deputat vurğulayıb ki, o daha sonra maşından atılıb darvazadan həyətə girməyə çalışıb. Bu zaman ayağından da güllə yarası aldığını hiss edib:
“İçəri keçib dedim ki, tez darvazanı bağlasınlar. Evdəkilər atəş səsinə həyətə çıxmışdı. Darvazanı bağlayıb təcili yardıma və polisə zəng etdik”, – deyə Fazil Mustafa fikrini tamamlayıb.
Bu arada Dövlət Təhlükəsizliyi Xidməti (DTX) deputat Fazil Mustafaya silahlı hücumla bağlı cinayət işi açıb.
Bu barədə DTX martın 29-da məlumat yayıb.
Bildirilib ki, qurumun İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
“Terror aktını törədən şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir”, – deyə açıqlümada vurğulanıb.
Martın 28-də saat 21:51-də Milli Məclisinin deputatı Fazil Mustafa yaşadığı evin qarşısında güllələnib.
Deputat sağ çiyinindən və sağ ayağından yaralanıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər