Həbs edilən Qarabağ qazisinin işgəncə ilə öldürüldüyü iddia olunur

Xəbərin çap versiyası
Tarix: 14-04-2023, 13:54


Lerikin Bürsülüm kənd sakini Fəxrəddin Ağayev qardaşı oğlu Sübhan Ağayevin Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsində işgəncə verilərək öldürüldüyünü iddia edir.

Civilazerbaijan.com
bildirir ki, o, Meydan TV-yə deyib ki, Sübhan Ağayev 2022-ci ilin oktyabrında məsuliyyətə cəlb olunub.

“2023-cü ilin yanvarında oğurluq cinayətini törətməkdə təqsirli bilinərək Xəzər Rayon Məhkəməsinin qərarı ilə 3 il 6 ay müddətinə azalıqdan məhrum edilmişdi. 2023-cü fevralın 25-də Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsinə köçürüldü. Fevralın 28-də uşağın ölüm xəbəri gəldi”, – mərhumun əmisi deyir.

Onun sözlərinə görə, Sübhan Bakıdan Salyana aparılanda sağ-salamat olub, bədənində heç bir xəsarət izi yoxmuş:



“Martın birində, dəfnindən öncə onun meyitini mən yumuşam. Bədəninin hər yerində işgəncə izləri vardı. Əllərini və ayaqlarını bağlayaraq amansızcasına döyüblər. İlkin araşdırmalardan sonra rəy verdilər ki, guya uşaqda kəskin ürək çatışmazlığı olub. Verilən rəylə razı deyilik. Sübhan 2017-ci ildə hərbi xidmətdə olub. Müayinələr zamanı ürəyində problemi olması barədə hansısa məlumat qeyd olunmayıb. Top kimi sağlam uşaq idi. Könüllü olaraq İkinci Qarabağ müharibəsində iştirak edib”.

“O, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdu. Anası ilə birgə Binə qəsəbəsində Sovxoz adlanan yeni massivdə yaşayırdı”, – deyə o bildirib.



Fəxrəddin Ağayev işi aparan müstəntiqdən də şikayətçidir:

“İşi aparan müstəntiq elə danışır ki, sanki insan ölməyib. Bir adam, vətəndaş hansısa bir dövlət təşkilatına gedib, öz dərdini deyəndə onun üstünə əlli polis birdən düşür. Bir nəfərə bir şillə vursam, polis gəlib, məni sürüyə-sürüyə aparar. İnsan ölür, deyirlər ki, ürək tutmasından keçinib. Məgər qapalı müəssisədə ölümü araşdırmaq çətindir? Müstəntiq deyir ki, biz qanunla araşdırırıq. Deyirəm ki, bu qanun gərək kasıbın, torpaq uğrunda vuruşanın başında çatlasın? Qanun bir dəfə də mənim tərəfimdə olsun. Gərək mən qanuna tabe olum? Qanun bunun cəzasını vermişdi də, 3 il 6 ay azadlıqdan məhrum etmişdi. Guya dükana girib, oğurluq edib. Dövlət çevrilişi etməyib, narkotik satmayıb, üstündə bomba metroya girməyib, oğruluq edib”.



“Niyə 24 yaşında gənc oğurluq edib? Anası ilə yaşadığı evi görsəniz, deyərsiniz ki, burada insan yaşamaz. Müharibə vaxtı dörd ay quru torpağın üstündə yatdı. Bu torpaqdan, millətdən ötrü döyüşdü. Onu şərləyən şərəfsizdən ötrü döyüşdü. Müharibədən evə 2021-ci ilin yanvarın 12-də buraxmışdılar”, – Fəxrəddin Ağayev belə deyir.

Baş Prokurorluğun Mətbuat xidməti hadisə ilə bağlı açıqlama yayıb.



Bildirilir ki, Salyanda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sübhan Ağayevin bu il 28 fevralda ölməsi faktı ilə bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz