Meyxanaçı Rəşad Dağlıya daha bir ittiham verilib

Xəbərin çap versiyası
Tarix: 17-04-2023, 12:45


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan meyxanaçı, “Rəşad Dağlı” ləqəbiylə tanınan Rəşad Əmirovun mühakiməsi başlayıb. Onun işinə Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Civilazerbaijan.com
bildirir ki, aprelin 17-də məhkəmənin hazırlıq iclasında məlum olub ki, Rəşad Əmirova istintaqın sonunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə yanaşı, həm də 228.4 (qanunsuz olaraq, soyuq silah əldə etmə, saxlama, gəzdirmə) maddəsilə ittiham verilib.

Meyxanaçının vəkili Elvin Əliyev məhkəmənin qapalı keçirilməsini istəyib. Bu barədə vəsatət qaldıran vəkil deyib ki, işin içində müvəkkilinin şəxsi həyatına aid, ailə sirləri ilə bağlı epizodlar var.

Rəşad Dağlı da məhkəməsinin qapalı keçirilməsi haqda vəkilinin vəsatətini dəstəkləyib.

Lakin hakimlər bu vəsatəti təmin etməyib. Onlar bu nəticəyə gəlib ki, məhkəmə prosesinin qapalı keçirilməsi üçün əsas yoxdur.

Məhkəmə baxışı mayın 1-nə təyin olunub.

Meydan TV-nin məlumatında qeyd olunur ki, 1984-cü il təvəllüdlü Rəşad Əmirov qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirməkdə ittiham olunur. Qətl hadisədi 2022-ci il noyabrın 9-da səhər saat 5 radələrində Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında baş verib. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Rəşad Əmirov özü polisə təslim olaraq, İsgəndər Mehdiyevi öldürdüyünü etiraf edib.

Hadisənin şəxsi mübahisə zəminində baş verdiyi bildirilir. Meyxanaçı Qaradağ Rayon Məhkəməsində barəsində istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilərkən hadisəni qarşı tərəfin təhqirlərinə dözməyərək törətdiyini deyib.

Hadisə Rəşad Əmirova məxsus avtomobildə baş verib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz