Ət bazarında qıtlıq: Qiymət daha da bahalaşacaq

Xəbərin çap versiyası
Tarix: 9-04-2017, 15:26
Ət bazarında qıtlıq:


Martın əvvəlindən başlayaraq manatın dollara nisbətən möhkəmlənməsi ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində ucuzlaşma ehtimalı yaradıb. Təqribən bir aya yaxındır ki, dolların məzənnəsindəki stabillik son aylar getdikcə artan qymətlərin artım tempinin yavaşlayacağı və hətta ucuzlaşma qeydə alınacağı təxminini yaradıb. İdxalla məşğul olan şirkətlər, yerli istehsalçılar və mağaza sahibləri qiymət artımını dolların məzənnəsinin möhkəmlənməsi ilə izah edərək xüsusilə, idxal edilən məhsullarda qymət artımını əlaqləndirmək üçün əsas səbəb kimi istifadə edirdilər. Ancaq maraqlıdır ki, dollar bahalaşanda artan qiymətlər dollar ucuzlaşanda da bahalaşmaqda davam edir, ən yaxşı halda isə “yerində sayır”.

Beləliklə də bahalaşan qiymətləri təkcə dolların məzənnə artımı ilə izah etməyin doğru və əsaslı olmadığı qənaəti yaranır. Görünən odur ki, bahalaşma təkcə dollar-manat münasibətlərindən asılı deyil, bəlkə daha çox ərzaq və qeyri-ərzaq bazarında söz sahibi olan monopolistlərin daha çox pul qazanmaq istəyinin nəticəsidir. Belə olmasaydı, təbii amildən, yəni, dolların məzənnəsinin artımından qaynaqlanan bahalaşma manatın möhkəmlənməsi ilə müəyyən qədər “səngiməli” idi.

Yumurta, un... növbədə nə var?

Hələlik bunun əlamətləri görünmür, təbii ki, kiçik istisnalar var. Azərbaycanda ən iri un istehsalçısı olan “Karat Holdinq” MMC “Karmen” və “Yeganə” unlarının qiymətini aşağı salıb. Şirkətdən verilən məlumata görə son dövrlərdə manatın möhkəmlənməsi və maliyyə bazarlarında yaranmış sabitlik nəticəsində istehsal olunan unun maya dəyərində enmə olub. Bununla əlaqədar 50 kiloqramlıq 1 kisə əla növ unun topdansatış qiyməti mart ayının əvvəli ilə müqayisədə 0,7-1 manat ucuzlaşıb:

““Karat Holdinq” MMC olaraq, uzun illərdir ki, un istehsalı ilə məşğul oluruq. Fəaliyyətimizdə istehlakçı məmnunluğunu daim əsas tutaraq keyfiyyətli və sərfəli qiymətlərlə un satışını həyata keçiririk. Son illərdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər, eləcə də manatın ucuzlaşması və üzən məzənnə rejiminə keçilməsi istehsalı əsasən idxal buğdasına əsaslanan unun maya dəyərinə və satış qiymətinə də təsir göstərib.

Lakin dövlət başçısının tapşırığına uyğun olaraq, 2016-cı ilin əvvəlindən buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi unun satış qiymətində baş verə biləcək kəskin qiymət artımının qarşısını alıb”. Bu, son günlər cüzi də olsa, ucuzlaşan ikinci məhsuldur. Bir müddət əvvəl yumurtanın qiymətində ucuzlaşma qeydə alınıb və yumurta 20 qəpikdən əvvəl 17, daha sonra 11 qəpiyə düşüb. İstehsalçılar bunu dollarla yox, istehsal həcminin artması və gündəlik tələbatın ödənilməsi ilə izah ediblər.

Yumurta ucuzlaşsa da toyuq bahalaşır

Ancaq maraqlıdır ki, yumurtann qiymətində ucuzlaşma olsa da yerli istehsal olan toyuq ətinin qiymətində ucuzlaşma yoxdur. Quşçular Birlyinin rəhbəri Aydın Vəliyev bildirib ki, bunun səbəbi istehsalda istifadə edilən malların demək olar hamısının xaricdən gətirilməsidir:“Quş əti istehsalında istifadə edilən bütün avadanlıqlar xaricdən dollarla alınır. Bura həmçinin baytarlıq pereparatları, yem, soya, günəbaxan, buğda, yem əlavələri hamısı daxildir. Xaricdən alındıqlarına görə bahalaçma qaçılmaz olub. Devalvasiyalar alınan məhsulların qiymətini iki dəfədən çox bahalaşdırıb. İstehsal xərci artdığına görə qiymətlər də bahalaşıb”.

Dollar ucuzlaşsa, toyuq da ucuzlaşacaq

Birlik sədrinin sözlərinə görə quş əti istehsalçıları külli miqdarda gəlir əldə etmirlər: “Bu gün istehsal edilən quş ətinin maya dəyəri 4 manatdır. Elə 4 manata da topdansatışa verilir. Yəni, bu, topdansatış qiymətidir. Amma təbii ki, pərakəndə satışda qiymət dəyişir. Mağazalar da öz qiymətlərini üstünə qoyub satırlar. Biz onlara qiymət diktə edə bilmərik. Yumurtanın topdansatış qiyməti indi ucuzlaşıb, əvvəlki aylarla müqayisədə bir neçə qəpik fərq var. Əgər manat sabit məzənnəsini qoruyub saxlayarsa, dollar yenidən bahalaşmazsa o zaman qiymətlərin ucuzlaşması məsələsi də gündəmə gələ bilər. Hələlik isə istehsalçılar toyuq ətini demək olar ki, maya dəyərinə satırlar”.

Ət qıtlığı gözlənilir

Qiymətlərə gəlincə, mağazalarda yumurtanın qiyməti indi 10-11 qəpik arasında dəyişir. Toyuq ətində qiymətlər istehsalçıdan asılı olaraq dəyişir, ancaq qiymət 4 manatdan aşağı deyil. Mal ətinin qiyməti bayramdan sonra da ucuzlaşmayıb, baxmayaraq ki, bir çoxları 14 manata yüksələn qiymətləri Novruz bayramının təsiri ilə əlaqələndirirdilər. Ancaq bayram bitdi, turistlər vətənlərinə qayıtdılar, istirahət başa çatdı, süfrələr yenə kasadlaşdı, ancaq ətin qiyməti ucuzlaşmadı. Bu dəfə da ümid qarşıdan gələn yaya qalıb. Yay aylarında ət istehlakı nisbətən azaldığından və yerini daha çox tərəvəzə verdiyindən qymətdə müəyyən qədər ucuzlaşma mümkündür. Ancaq bunlar bazar qanunları üzərində qurulan ehtimallardır. Azərbaycanda isə bu bazar qanunları çox zaman ya işləmir, ya da əksinə, işləyr. Qəssablar isə mal ətinin ucuzlaşması ehtimalından nikbin danışmır. Ən azı söhbətləşdiyimiz qəssablar bölgələrdə diri heyvanın azaldığını bldirərək qarşıdakı aylarda ət qıtlığının da ola biləcəyini sitisna etmədilər. Xüsusilə də otlaq sahələrinin azalması heyvanların bəslənməsində problemlər ortaya çıxaracağı vurğulanır.

Nazirlik etiraf edir: Heyvanlar azalıb

Ancaq Kənd Təsərrüfatı Nazirliyi bu fkirlə razılaşmır və statistik göstəricilərə görə ölkədə ət istehsalının artdığını bildirir. Nazirlik bildirir ki, 27 böyük həcmli heyvandarlıq təsərrüfatında bir gündə 200 ton süd istehsal olunur: “Bu, o deməkdir ki, təsərrüfat ixtisaslaşıb”. Bununla belə nazirlik aparatının heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev daha əvvəl mətbuata verdiyi açıqlamada heyvanın sayında cüzi azalma olduğunu gizlətməyib: “Azalma gedərkən digər ərzaq məhsullarndakı bahalaşma arxa müşahidə olunsa da məhsul istehsalında artım var. Kifayət qədər məhsul istehsal etməyə nail olmaq üçün heyvanların sayını artırmaq heç də şərt deyil. İxtisaslaşma imkan verir ki, hər heyvandan alınan məhsulun miqdarı artıq olsun”. Görünən odur ki, ətin qiymətində mövsümi amillərlə yanaşı digər amillər də əsas rol oynayır. Mövsümü amillərdən asılı olaraq yay aylarında ətin qiymətində cüzi ucuzlaşma qeydə alına bilər, ancaq azalan heyvan sayının qiymətə birbaşa təsir edəcəyi də şübhəsizdir.

8,5 manata xiyar, 7 manata pomidor

Ətin qiymətindəki bahalaşma gündəm mövzusu olmağa davam edərək digər məhsulları unutdurub. Halbuki digər ərzaq məhsullarında qiymətlər də sürətlə bahalaşır. Kənd təsərrüfatı mallarının qiymətində də artım az qala günlərlə yox, saatlarla dəyişir. Məsələn, bazarlarda xiyarın kiloqramı istehsal yerindən asılı olataq 3-5 manat arasında dəyişir. Marketlərdə isə yerli xiyarı 8,5 manata təklif edirlər. Pomidorda da qiymət İran- Azərbaycan fərqi ilə müəyyənləşir. İran pomidoru 3 manata, yerli istixana məhsulu 5 manata təklif edilir. Supermarketlərdə yerli pomidor 7 manatdan başlayan qiymətlərlə satılır və çeşidlənmiş məhsullarda qiymətlər fərqli olur. Siz hətta xırda pomidorların 400 qramına 12 manat da verə bilərsiniz, təbii ki, pulunuz varsa.

3 manatlıq kartof bazarda

Kartofda da qiymətlər yerli istehsalla ixrac malı arasında fərqə görə dəyişir. Yerli kartof 1,3 manata satıldığı halda ixrac məhsulunda qiymət 1 manatdır. Soğan nisbətən ucuzdur- kilosu 50 qəpik. Artıq təzə kartof da bazarlarda görünməyə başlayıb və qiyməti nə az, nə çox- kiloqramına 3 manatdan başlayır. Görünən odur ki, bayram bahalığı, dollar bahalığı, monopoliya bahalığının yanında qısa zamanda bahalaşma üçün başqa bir tutarlı səbəb də yer alacaq- qıtlıq bahalığı...

Mənbə: cebhe.info

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz