Qiyas İbrahimov həbs edilib

Xəbərin çap versiyası
Tarix: 22-06-2023, 20:12


İyunun 22-də siyasi fəal Qiyas İbrahim saxlanılıb.

Civilazerbaijan.com
bildirir ki, Qiyas İbrahimovun saxlanıb məhkəməyə aparılmasını Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən də təsdiqləyiblər.

Qurumdan bildirilib ki, Qiyas İbrahimov İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi,…) və 535-ci (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham edilib.

Məhkəmənin onun barəsində 30 gün müddətinə inzibati həbs qərarı verdiyi bildirilir.

***


Fəalın anası Şura Əmiraslanova AzadlıqRadiosuna deyib ki, iyunun 22-də günorta saatlarında evlərinə mülki geyimli şəxslər gəlib:

"Onlar Qiyasdan yazdığı statusu silməyi tələb edib. O isə silməyəcəyini və onlara telefonu verməyəcəyini deyib. Ondan sonra Qiyası apardılar".

Əmiraslanova vurğulayıb ki, oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddəsi ilə protokol tərtib olunub və o, Nizami Rayon Məhkəməsinə aparılıb.

Qiyas İbrahimovun bəhs edilən statusda polisi və hakimiyyəti sərt tənqid etdiyi bildirilir.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər bir qayda olaraq ölkədə tənqidi statuslara görə, təqiblrin olduğunu təkzib edirlər.

Qiyas İbrahimov keçmiş “Heykəl məhbusu” kimi tanınır. O, başqa bir gənc fəal Bayram Məmmədovla birgə 2016-cı ildə narkotikada ittiham edilərək 10 il həbs cəzası almışdı.

Amma bəzi faəllar onların həbsinin gerçək səbəbinin 2016-cı ildə hər il mayın 10-da keçmiş prezident Heydər Əliyevin doğum günündə keçirilən Gül bayramı ərəfəsində Bakıda Milli Bankın önündəki parkda onun abidəsinin postamentinə "Qul bayramınız mübarək" şüarlarının yazılması ilə izah edirdilər. Gənclər rəsmi ittihami qəbul etmirdilər.

Onlar 2019-cu ilin martında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamından sonra azadlığa çıxdılar.

AzadlıqRadiosunun məlumatında qeyd olunur ki, iki il əvvəl Bayram Məmmədov Türkiyədə dənizdə boğulub. Yaxınları bu ölümü şübhəli saysalar da, Türkiyə polisi onların şübhələrinə əsas görməyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz