Qubad İbadoğlu saxlanılıb

Xəbərin çap versiyası
Tarix: 24-07-2023, 01:51


Gecə saat 24:00 radələrinə qədər davam edən axtarışlardan sonra Qubad İbadoğlu polislərin müşayəti ilə ofisdən çıxarılaraq qara rəngli bir avtomobilə mindirilib.

Civilazerbaijan.com
bildirir ki, bu zaman polislər onun üzünün görünməsinə, jurnalistlərlə kontaktına imkan verməyiblər.

Zorla maşına oturdulan zaman jurnalistlərin "Qubad bəy, sizi niyə saxlayıblar sualına" o, "İlham Əliyevin sifarişilə" deyə bir cümlə ilə cavab verib. Daha sonra vəkilin də olduğu avtomobil partiyanın ofisi qarşısından uzaqlaşıb.

Bundan əvvəlsə ofis qarşısında dayanan jurnalistlərin suallarına cavab olaraq vəkil Zibeydə Sadıqova Qubad İbadoğlunun Anar Əliyev adlı bir şəxsin şikayəti əsasında şahid qismində saxlandığını deyib.

"Qubad bəy, bildirdi ki, axtarış aparılan ev sadəcə onun adına qeydiyyatdadır və bu evlə heç bir əlaqəsi yoxdur. O, uzun müddətdir Azərbaycanda olmayıb. Biz bilmirik evdən pul çıxdığı deyilir, zatən o pul da Qubad bəyə aid deyil. Biz buna etiraz etmişik və protokola əlavə eləmişik... " - vəkil bildirib

Polis Qubad İbadoğlunun ofisindən maddi sübut hesab olunan əşyaları götürüb.


DİN: Qubad İbadoğlu saxlanıb


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin yaydığı məlumata görə, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsasında Azərbaycanda "feto" ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib.

(Türkiyə hakimiyyəti gülənçiləri FETO Terror Təşkilatı adlandırır.AR)

Rəsmi məlumatda vurğulanır ki, saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib:

"Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılmışdır. Hazırda tədbirlər davam etdirilir.- DİN Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir.

Vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna deyib ki, Qubad İbadoğlu onun əleyhinə ifadə verdiyi iddia olunan Anar Əliyev adlı şəxsi tanımır.

***

Qubad İbadoğlunun qardaşı Qalib Toğrulun sözlərinə görə, qardaşına qarşı Anar Əliyev adlı şəxs ifadə verib, guya ona saxta dollar verib, sonra ifadəsini dəyişib:

“Bunun əsasında cinayət işi açılıb. Mənə də bu haqda vəkil Zibeydə Sadıqova söylədi, hələ araşdırma gedir, daha dəqiqi bundan sonra bilinəcək”.

Qubad İbadoğlunun qızı facebook səhifəsində yazır ki, axtarış aparanlar ofisdən 40 min dollar pul tapdıqlarını iddia ediblər. Onun sözlərinə görə, atası xəstədir və onun dərmanlara ehtiyacı var.

ADR partiyasının idarə heyətinin üzvü Ellada Məmmədova da Qubad İbadoğluna qarşı cinayət işi açıldığını təsdiqləyib:

“Hazırda Qubad bəyi ofisə aparırlar, orda axtarış aparılacaq. Xanımın iştirakıyla da mənzilində axtarış aparılacaq”.

DİN İbadoğlunun həyat yoldaşının saxlanılması haqda iddiaları "əsassız" adlandırıb.

+++

AzadlıqRadiosunun müxbiri Qubad İbadoğlunun ofisi qarşısına bir avtobus polis gətirildiyini, onların əraziyə girişi bağlamağa çalışdığını xəbər verir.

Ailə üzvləri Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisad professoru Qubad İbadoğlunun saxlandığını deyirlər. DİN-in mətbuat xidməti isə bildirir ki, o, qurumun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Qubadoğlunun daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə quruma dəvət edildiyi, araşdırma aparıldığı qeyd olunur.

Ailə üzvlərinin sosial şəbəkədə yaydığı məlumata görə, ADR sədri bu gün günorta saatlarında Novxanıdakı bağ evindən xanımı ilə birlikdə Sumqayıta bazarlığa gedibmiş:

“Sumqayıt dairəsində Qubad bəyi idarə etdiyi maşını yolda saxlayıblar və xanımı ilə birlikdə naməlum istiqamətə aparılıb. Artıq bəlli vaxt keçmiş, ailə üzvləri narahatdırlar. Qubad bəy və xanımından xəbər almaq mümkün deyil”.

Siyasətçinin qızı Jalə Bayramova polislərin İbadoğlunun ofisində axtarış aparacağını yazıb.

İbadoğlu siyasi hakimiyyəti tənqidi fikirlərilə tanınır. O, bir sıra Qərb universitetlərində elmi tədqiqatlar, pedaqoji fəaliyyətlə məşğul olub.

Qeydiyyat üçün müraciəti 6 dəfə geri qaytarılıb

Partiya sədrinin “Facebook” səhifəsində qeyd olunur ki, bu gün – iyulun 23-də o, "BİZ TV" YouTube kanalında müxalif siyasi partiyaların reyestrdən keçirilməməsinin səbəblərindən danışacaq.

Ötən ilin avqustunda ADR Ədliyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib, partiyanın qeydiyyata alınmamasına etiraz edib.

2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılan partiyanın təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib.

Partiya bildirir ki, dövlət qeydiyyatına alınmasına dair müraciətini Ədliyyə Nazirliyi "son 2 ildə 6 dəfə qanunsuz olaraq geri qaytarıb" və ADR Partiyası məhkəmələrə üz tutub.

Siyasi partiyalar haqqında yeni qanun qüvvəyə minəndən sonra Müsavat, AXCP kimi əsas müxalifət partiyalarının üzvlərinin siyahıları geri qaytarılıb, dəqiqləşdirmələrə ehtiyac olduğu deyilib. Ədliyyə Nazirliyi 31 partiyanın öz təşəbbüsü ilə ləğv olunduğunu açıqlayıb, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

Tənqidçilər hakimiyyəti təkpartiyalı sistem qurmağa çalışmaqda ittiham edirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz