Deputat Vüqar Bayramov qardaşı Qubad İbadoğlunun həbsinə münasibət bildirdi

Xəbərin çap versiyası
Tarix: 26-07-2023, 13:59


Milli Məclisin deputatı Vüqar Bayramov qardaşı, Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlunun həbsinə münasibət bildirib.

Civilazerbaijan.com
bildirir ki, Vüqar Bayramov son bir həftə ərzində xaricdə səfərdə olduğu üçün qardaşının həbsi ilə bağlı medianın suallarını cavablandırmaq imkanının olmadığını deyib:

"Bu gündən Bakıdayam, yenə də hörmətli jurnalistlərin fərqli mövzular üzrə sorularını cavablandıra biləcəm. Qeyd edim ki, ölkədən kənarda olduğum müddətdə cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar sadəcə təəssüf doğurur.

İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək. Eyni zamanda, Qubad bəyin qəbul etdiyi dərman ləvazimatlarının mütəmadi təminatı üçün müvafiq dövlət qurumları ilə təmaslarımı gücləndirərək bu məsələdə də nə mümkündür edəcəm. Allah bütün məhbusların qapısını açsın”.

Eyni zamanda, Vüqar Bayramov qardaşının saxta pul hazırlanmasında əli olması barədə istintaqın ittihamını şərh etməyib.

Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlu iyulun 23-də günorta saxlanılıb. Bazar ertəsi ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 204 .3.1-ci maddəsilə (mütəşəkkil dəstə tərəfindən satış məqsədilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) ittiham irəli sürülüb.

Bu maddə üzrə onu 8 ildən 12 ilədək həbs cəzası təhlükəsi gözləyir. İyulun 24-də məhkəmə istintaq müddətində onu 4 ay həbs edib. Hüquq-müdafiə təşkilatları İbadoğluya qarşı təqibləri pisləyiblər və onun azad olunmasını tələb ediblər.

Onun qardaşı, millət vəkili Vüqar Bayramovun geridə qalan müddət ərzində bu hadisəyə reaksiya verməməsi tənqid edilirdi.

Qeyd edək ki, ötən ay İbadoğlu Milli Şuranın rəhbəri, professor Cəmil Həsənli və Avropada siyasi mühacirətdə olan diplomat Arif Məmmədovla birlikdə Azərbaycan gənclərinin təhsil fondunun yaradıldığını bildirib. Fond Londonda qeydiyyatdan keçib.

Qubad İbadoğlu xaricdəki azərbaycanlı məmurların əmlakının müsadirə edilməsi və həmin vəsaitlərin bu fonda köçürülməsi təşəbbüsü ilə çıxış edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz