Rəşad Dağlıya hökm oxundu
Tarix: 28-07-2023, 12:53
Qətl törətməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) məhkəmə prosesi yekunlaşıb.
Civilazerbaijan.com bildirir ki, bu gün, iyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, bundan əvvəlki prosesdə prokuror Rəşad Dağlının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Hökmdən öncə məhkəmədə son sözünü deyən meyxanaçı cəmiyyətdə tanınmış şəxs olması və ailə vəziyyətinin nəzərə alınmasını istəyib:
“Həmişə dövlətimin, xalqımın çətin günlərində günlərində yanında olmuşam. Himayəmdə iki azyaşlı övladım var, ödənişli məktəbdə oxuyurlar. Uzun müddət azadlıqdan məhrum edilsəm, təhsilləri yarımçıq qalacaq. Xahiş edirəm, bütün bunları nəzərə alasınız”.
Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilirdi. Qətl hadisəsi ötən il noyabrın 9-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib.
R.Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülmüşdü.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər