Samvel Şahramanyan bir müddət Qarabağda qalacaq - SƏBƏB
Tarix: 2-10-2023, 13:07
Özünü qondarma "Dağlıq Qarabağ Respublikasının prezidenti" kimi qələmə verən Samvel Şahramanyan axtarış və xilasetmə işləri başa çatana qədər bir qrup şəxslə birlikdə Xankəndidə qalacaq.
Civilazerbaijan.com bildirir ki, bu barədə oktyabrın 2-də Azadlıq Radiosunun erməni redaksiyası məlumat yayıb.
Bildirilir ki, sentyabrın 19-20-də baş vermiş lokal hərbi əməliyyat və sentyabrın 25-də neft bazasında baş vermiş partlayış nəticəsində həlak olan və itkin düşənlərin axtarışı hələ davam edir.
Məlumata görə, Şahramanyanın qrupu Ermənistana köçmək istəyən və müxtəlif səbəblərdən Qarabağ ərazisində ola biləcək vətəndaşların məsələsini də diqqətdə saxlayır.
Qeyd edək ki, oktyabrın 1-də axşam saatlarında Qarabağdan 15 sərnişinin olduğu sonuncu avtobusun Ermənistana keçdiyi barədə məlumat verilib. Ermənistan hökumətinin məlumatına görə, Azərbaycanın Qarabağı nəzarətə götürməsindən sonra bölgəni ümumilikdə 100 mindən çox erməni tərk edib.
Toplum Tv-nin məlumatına görə, Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikasının” prezidenti Samvel Şahramanyan sentyabrın 28-də "Dağlıq Qarabağ Respublikasının" mövcudluğuna son qoyulmasını nəzərdə tutan fərman imzalayıb. Sənədə görə, rejimin bütün “dövlət qurumları” və “təşkilatları” 1 yanvar 2024-cü il tarixinədək buraxılacaq.
Turanın xəbərində isə qeyd olunur ki, Ermənistan mətbuatının məlumatına görə, Qarabağdakı separatçı rejimin üç sabiq başçısı Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan oktyabrın 1-də Ermənistana gəliblər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər