Azərbaycan hökuməti Mehman Hüseynova təzminat ödəyəcək

Xəbərin çap versiyası
Tarix: 19-10-2023, 18:38


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 19-da Azərbaycandan göndərilmiş bir sıra şikayətlərlə bağlı qərarlarını açıqlayıb. Azərbaycan hökuməti ümumilikdə 60 min avrodan çox təzminat ödəyəcək.

Civilazerbaijan.com
bildirir ki, işlərin əksəriyyəti toplaşmaq, azadlıq və toxunulmazlıq hüququnun pozuntusu iddiaları ilə bağlıdır.

Onlardan biri - "Mehman Hüseynov Azərbaycana qarşı" işi tanınmış bloqer olan ərizəçinin ölkədən çıxışına yerli hakimiyyət orqanları tərəfindən qadağa qoyulması ilə bağlıdır. Ərizəçi AİHM qarşısında hərəkət azadlığı hüququ ilə yanaşı, Konvensiyanın 10-cu ( İfadə azadlığı) və 18-ci (Hüquqlarla bağlı məhdudlaşdırmalardan istifadənin hədləri) maddələri ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia edib.

Kommunikasiya zamanı hökumət ərizəçinin hərəkət azadlığı hüququnun pozuntusu iddiasını etiraf edib, buna görə, ərizəçiyə 5 min avro mənəvi zərər əvəzi ödəməyi təklif edib. Ərizəçi bundan imtina edib. Ancaq AİHM hökumətin bəyannaməsini yetərli sayıb - ərizəçiyə mənəvi zərər əvəzi ödəniləcək. Ərizəçini vəkillər Elçin və Zibeydə Sadıqovlar təmsil edib.

Qeyd edək ki, 2017-ci ildə M.Hüseynov polisə böhtan atma iddiası ilə 2 il həbs edilmişdi. Bloqer həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

"Samir Əliyev Azərbaycana qarşı" işi ərizəçinin məhkəməyəqədər həbs edilməsi ilə bağlıdır. Ərizəçi onun məhkəməyə qədər həbs edilməsi və həbs müddətinin uzadılması barədə qərarlardan daxili məhkəmələrə şikayət edib. Daxili məhkəmələrsə məhkəməyəqədər həbsdə saxlanılması üçün əsasların olmaması ilə bağlı ərizəçinin şikayətlərini rədd edib. Ərizəçi ona münasibətdə 5.3-cü maddənin (Azadlıq və toxynulmaqzlıq hüququ) pozulduğunu iddia edir.

AİHM bu işdə hesdab edib ki, ərizəçinin məhkəməyəqədər 1 il 6 ay 22 gün həbs edilməsi üçün əsaslar olmayıb və beləliklə, ərizəçinin azadlıq və toxunulmazlıq hüququna müdaxilə baş verib. Qərara görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 5100 avro, 500 hüquqi xidmət əvəzi ödəməlidir.

"Əlövsət Osmanlı Azərbaycana qarşı" işində ərizəçi təhsil məsələləri üzrə ekspertdir. Məhkəmə işi 2013-cü ildə qəflətən vəfat edən ərizəçinin məqalələri ilə bağlı idi. İşin hallarına görə, "Azadlıq" qəzetində ərizəçinin "Mərdanovun qaraguruhları" sərlövhəli məqaləsi dərc edilib. Həmin məqalədə təhsil sahəsindəki problemlər sərt tənqid edilib. Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu həmin məqaləyə görə ərizəçini mülki qaydada məhkəməyə verib, iddia təmin edilib, milli məhkəmələr ərizəçinin üzərinə ictimai qaydada üzr istəmək və ifadələrini təkzib etmək vəzifəsi qoyub. Ərizəçi AİHM-yə şikayətində ifadə azadlığı hüququna müdaxilə baş verdiyini, milli məhkəmələrin faktlarla qiymətləndirici mülahizələr arasında fərq qoymamasından, dövlət orqanının işgüzar nüfuzunun olub-olmamasına layiqli qiymət verməməsindən şikayət edir.

Kommunikasiya zamanı hökumət mərhum ərizəçinin doğmalarının ərizənin araşdırılması ilə bağlı aydın niyyət ifadə etmədiyini iddia edərək, ərizəni baxılacaq işlərin siyahısından çıxarmağı xahiş edib. Məhkəmə bunu nəzərə alaraq, ərizənin baxılacaq işlərin siyahısından çıxarılması haqda qərardad qəbul edib.

"Şakir Əhmədov və başqaları Azərbaycana qarşı" ərizələri Konvensiyanın 11-ci maddəsinin (Yığıncaqlar və birləşmək azadlığı) pozuntusu iddiaları – ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqi ilə bağlıdır. Bu işdə tərəflər kommunikasiya zamanı dostca anlaşıblar.

AİHM-nin qərardadına görə, hökumət ərizəçilərdən Şakir Əhmədov, Bəxtiyar Hüseynov, İsmayıl Həsənovun hər birinə 3900, Araz Məmmədov, Ramiz Cəfərov, Cabbar Savalanlı, Nemət Abbasov və Nurlan Eldarovun hər birinə isə 2600 avro mənəvi zərər əvəzi ödəməlidir. Ərizəçilərin hər birinə həmçinin 250 avro hüquqi xərc əvəzi ödənilməlidir. Bu işdə ərizəçiləri hüquşunaslar Tural Ağayev təmsil edib.

"Azər Qasımlı Azərbaycana qarşı" ərizəsi Konvensiyanın 11-ci maddəsinin pozuntusu iddiaları – ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqi ilə bağlıdır. Bu işdə tərəflər kommunikasiya zamanı dostca anlaşmadan imtina ediblər. Hökumət məhkəməyə iddia olunan pozuntunun etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib.

AİHM-nin qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər və hüquqi xərclər əvəzi 2850 avro ödəməlidir. Bu işdə ərizəçini vəkil Elçin Sadıqov təmsil edib.

"Füzuli Hüseynov Azərbaycana qarşı" işi ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqinə görə Konvensiyanın 11-ci maddəsinin pozuntusu iddiaları ilə bağlıdır. Bu işdə tərəflər kommunikasiya zamanı dostca anlaşıblar.

AİHM-nin qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər və hüquqi xərclər əvəzi 2850 avro ödəməlidir. Bu işdə ərizəçini hüquqşunas Yalçın İmanov və vəkil Bəhruz Bayramov təmsil edib.

"Cavid İbrahimov və Saqif Qurbanov Azərbaycana qarşı" məhkəmə işində də ictimai toplantı iştirakçıları olan ərizəçilərə qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqi səbəbindən Konvensiyanın 11-ci maddəsinin pozuntusu qaldırlıb. Tərəflər kommunikasiya zamanı dostca anlaşıblar.

Qərardad ərizəçilərin hər birinə 2500 avro mənəvi zərər, 350 avro hüquqi xərc əvəzi ödənilməsini nəzərdə tutur. Ərizəçiləri AİHM-də vəkil Cavad Cavadov təmsil edib.

"Elnur Cabbarov və Kənan Əliyev Azərbaycana qarşı" işi ərizəçilərin məhkəməyə qədər həbs edilməsinin qanunsuzluğu iddiaları ilə bağlıdır. Kommunikasiya zamanı tərəflərin uğursuz dostca anlaşma müzakirələrinin ardınca hökumət AİHM-yə təktərəfli bəyannamə təqdim edib. Hökumət iddia olunan pozuntuları etiraf edib, ərizəçilərə təzminat ödəməyi təklif edib. Həmin bəyannaməyə əsaslanan qərardada görə, hökumət 3 ay ərzində ərizəçilərin hər birinə 3500 avro təzminat ödəməlidir. Ərizəçiləri AİHM-də vəkillər Azər Rəsulov və Nemət Kərimli təmsil edib.

"Maniyev və başqaları Azərbaycana qarşı" ərizələri inzibati icraatlar zamanı məhkəmələrin ədalətsilziyi (6-cı maddə) iddiaları ilə bağlıdır. Kommunikasiya zamanı tərəflər dostca anlaşıblar.

AİHM-nin qərardadına görə, hökumət ərizəçilərdən Emil Maniyev, Emin Axundov, Tərlan Muradov və Rəşad Abbasovun hər birinə mənəvi zərər əvəzi 1000, ərizəçilərdən Bəşir Tarıverdiyev və Cavid Hacıbəylinin hər birinə isə 2000 avro ödəməlidir. Hüquqi xidmətə görə hər ərizəçiyə 250 avro ödənilməlidir. Bu işdə ərizəçiləri hüquşunaslar Samirə Ağayeva, Tural Ağayev və Elvin Ələmov təmsil edib.

"Solmaz Ağayeva Azərbaycana qarşı" işində mülkiyyət hüququnun pozuntusu mübahisələndirilib – ərizəçiyə məxsus əmlak (qaraj) müxtəlif dövlət orqanlarının sərəncamları əsasında sökülüb, ona kompensasiya verilməsi nəzərdə tutulsa da, ödəniş edilməyib. Ərizəçi mülkiyyət hüquqlarının pozulmasından xüsusən də əmlakının sökülməsinin qanunvericiliyə uyğun həyata keçirilməməsindən şikayət edib.

Məhkəmə bu ərizəni qəbuledilməz hesab edib – ərizəçi vəfat edib, məhkəmə onun varislərinin şikayəti davam etdirməsi kontekstindəki yazışmaları, ərizəyə baxılmasının davam etdirilməsi üçün yetərli hesab etməyib.

Qərarlara Azərbaycanın rəsmi qurumlarının münasibəti, hələlik, bəlli deyil.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz