Müsavat Partiyası başqanının oğlu saxlanılıb

Xəbərin çap versiyası
Tarix: 1-11-2023, 14:14


Oktyabrın 31-də Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı saxlanılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Arif Hacılının özü məlumat yayıb.

“Oğlumun iştirakı ilə 20 gün əvvəl avtoqəza baş verib. Bu müddət ərzində müxtəlif mənbələrdən bizə gələn məlumata görə həmin qəza zamanı digər maşında olan sürücünün xəsarət alması ilə əlaqədar sənədləşməni aparmaq cəhdləri olub, amma o, müayinədən keçdikdən sonra heç bir xəsarəti olmadığı məlum olub. Həmin sürücü də Orxana qarşı hər hansı bir şikayətinin olmadığını bildirib. Belə olan halda qanuna görə bu məsələ ilə əlaqədar tədqiqat bağlanmalıdır. Ancaq üzərindən 20 gün keçdikdən sonra birdən birə oğlumu Yasamal Rayon Polis İdarəsinə dəvət ediblər və bildiriblər ki, hansısa başqa bir şəxs maşınlar toqquşarkən oradan keçib, o güya xəsarət alıb və şikayət edib", Hacılı qeyd edib.

Müsavat Partiyasının başqanının sözlərinə görə, yayılan video görüntülərdən da görünür ki, hadisə yerində başqa heç kim olmayıb.

"Əgər orada kimsə olsaydı ora gələnlər də onu görərdilər, bu barədə mətbuata məlumat verənlər yəqin ki, orada kiminsə xəsarət aldığı barədə informasiya yayardılar. Açıq-aydın görünür ki, bu tamamilə uydurulmuş bir işdir və konkret olaraq burada siyasi məqsədin olduğu aydın şəkildə görünür. Özlərinin yaydığı videogörüntüdə də orada başqa kimsənin olmadığı aydın görünür. Bir dəfə də demişəm. Mübarizəni özümüzlə aparın. Ailə üzvlərimizlə, övladıarımızla bizi təhdid etməyiniz heç bir çərçivəyə, heç bir kodeksə sığmır", o, Facebook səhifəsində yazıb.

Hacılı bildirib ki, oğlu 48 saatlıq şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliyindən bildiriblər ki, məsələ ilə bağlı məlumat veriləcək.

Oktyabrın 20-də Bakının Yasamal rayonunda Arif Hacılının oğlu Orxan Hacılının idarə etdiyi avtomobilin də olduğu qəza ilə videogörüntü yayılıb. Avtoqəzanın oktyabrın 11-də baş verdiyi deyilir? Amerikanın Səsinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz