AXCP fəalı İstintaq Təcridxanasında infarkt keçirib
Tarix: 6-11-2023, 13:47
Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elxan Əliyevin infarkt keçirdiyi bildirilir.
Civilazerbaijan.com bildirir ki, bu barədə AXCP-nin digər üzvü Ceyhun Novruzov məlumat verib.
O qeyd edib ki, noyabrın 4-də E.Əliyev ona zəng vuraraq özünü pis hiss etdiyini deyib: "Özünü pis hiss elədiyini, saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasının həkimlərinə müraciət etdiyini dedi. Elxanın sözlərinə görə, həkimlər onu müayinə ediblər və infarkt keçirdiyini bildiriblər".
C.Novruzov qeyd edib ki, bu diaqnoza baxmayaraq, Elxan Əliyevi müalicə müəssəsinə yerləşdirməyiblər.
Onun sözlərinə görə, E.Əliyev hələ azadlıqda olarkən insult keçirmişdi.
Məsələ ilə bağlı Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.
Elxan Əliyevi iyulun 26-da polis saxlayıb. Ona və başqa iki nəfərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Onlar vətəndaşın etibarından sui-istifadə edərək torpaq sahəsini saxta sənədlər əsasında satmaqda ittiham olunurlar.
Elxan Əliyev özünü təqsirli bilmir və həbsini öz siyasi fəaliyyəti ilə əlaqələndirir, Turanın məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər