Kanal 13 internet televiziyasının icraçı direktorunun evində axtarış aparılır

Xəbərin çap versiyası
Tarix: 27-11-2023, 19:13


Noyabrın 27-də axşam saatlarında istintaq orqanı Kanal 13 internet televiziyasının icraçı direktoru Əziz Orucovun yaşadığı evdə axtarışa başlayıb.

Civilazerbaijan.com
bildirir ki, Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucovanın Tuana verdiyi məlumta görə, axtarış məhkəmə qərarı ilə aparılır və vəkil Bəhruz Bayramov iştirak edir.

“Hazırda evimizdə 8 nəfər polis əməkdaşı axtarış aparır. Onlardan birinin üzü açıqdır, qalanları maskalıdır. Nə axtardıqları barədə hər hansı məlumat vermirlər”, o qeyd edib.

Xatırladaq ki, axtarış “Abzas Media” internet dərgisinin direktoru, direktyor müavini və baş redaktorunun həbsindən sonraya təsadüf edir.

Bundan öncə Əziz Orucov 2017-ci ilin mayında qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui istifadə ittihamı ilə saxlanılıb və 2017-ci ilin dekabrın 15-də 6 il həbsə məhkum edilib. O özünü təqsirkar bilməyib.

2018-ci il arelin 4-də Ali Məhkəmə hakim Əli Seyfəliyevin sədrliyi ilə Əziz Orucovun azadlığa buraxılması barədə qərar qəbul edib.

Məhkəmə jurnalistin hərəkətində cinayət tərkibinin olmadığını nəzərə alaraq 192.2.2-ci maddə (qanunsuz sahibkarlıq) üzrə ittihamı Orucovun üzərindən götürüb.

308.2-ci maddə (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) üzrə ittiham isə daha yumşaq - 308.1-ci maddəyə tövsif edilib.

Onun cəza müddəti 3 ilədək azaldılıb və məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib - üç il sınaq müddəti olmaqla şərti cəzanın tətbiqi və jurnalistin həbsdən azad edilməsi barədə qərar qəbul edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz