Jurnalist Teymur Kərimovun saxlanıldığı bildirilir

Xəbərin çap versiyası
Tarix: 12-12-2023, 13:44


"Kanal 11" internet televiziyasının rəhbəri Teymur Kərimovdan dekabrın 11-i səhər saatlarından etibarən xəbər almaq mümkün deyil.

Civilazerbaijan.com
bildirir ki, onunn saxlanılması ilə bağlı "Kanal 11" internet televiziyasının bəyanatı yayılıb.

Bəyanatda deyilir ki, "Kanal 11" internet televiziyasının direktoru Teymur Kərimov səhər saatlarından yoxa çıxıb. Yaxınlarının verdiyi məlumata görə, onunla səhər saat 12 radələrindən etibarən əlaqə saxlamaq mümkün olmayıb.

"Onun telefonuna zəng çatmır və harada olduğu bilinmir" - deyə, yaxınları bildirir.

Bəyanatda qeyd olunur ki, Teymur Kərimovun həbs edildiyini ehtimal edilir, lakin vəkili olmadığı üçün ondan xəbər ala bilmirlər.

"Əldə etdiyimiz təsdiqlənməmiş məlumata görə, o, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində saxlanılır, barəsində cinayət işi açılıb. Teymur Kərimov bu ilin iyul ayında çəkdiyi, kanalımızda və "Azad Söz" internet televiziyasında yayımlanan Daşkəsən rayonun icra başçısı Əhəd Abıyevlə bağlı video-reportajdan sonra ciddi təqiblərə məruz qalıb. Belə ki, evinə polis nəfəri gələrək, ondan şikayət olduğunu bildirib. Polis bölməsinə getdikdə isə adların səhv düşdüyü deyilib. Bundan əlavə, o dəfələrlə müxtəlif bəhanələrlə polis bölməsinə ifadə üçün çağırılıb və ya ona video-reportajın yayılmasının qarşısının alınması məqsədi ilə zənglər edilib", bəyanatda bildirilir.

Məlumatda qeyd olunur ki, bundan sonra Teymur Kərimov qazilərin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması və sözügedən qazilərin buna etiraz etməsini işıqlandırdığı üçün yenidən hədəf halına gəlib.

"Teymur Kərimov yenə video-reportajların silinməsi üçün hədə-qorxuya məruz qalıb. İzahat alınması üçün dəvət edilib. Son bir ildə Azərbaycanda azad söz naminə mübarizə aparan, vətəndaşların haqq səsini çatdırmağı özlərinə borc bilən kifayət qədər jurnalist həbs olunub. Son günlərdə bunun nümunəsi "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), jurnalist Nərgiz Absalamova, "Kanal 13" internet televiziyasının Azərbaycandakı direktoru Əziz Orucov, yenə sözügedən kanalın əməkdaşı Rüfət Muradlıdır. Düşünürük ki, Teymur Kərimov seçkiqabağı işə düşən repressiya maşının növbəti qurbanıdır" - deyə, internet televiziyasının bəyanatında bildirilir.

"Kanal 11" komandası bəyanatda Teymur Kərimovun həbs ediləcəyi təqdirdə internet televiziyasının fəaliyyətinin dayanmayacağını açıqlayıb.

"Ölkədə haqsızlıq olduqca, bu haqsızlığa səs çıxaranlar da hər zaman var olacaq. Vətəndaşlar, izləyicilər, siz hər zaman doğru və qərəzsiz xəbərlərə layiqsiz. Siz bilməlisiz ki, sizin vergilərinizlə maliyyələşən şəxslər sizdən nələr oğurlayır, sizə nələri layiq görür. Bu yolda həbslərlə, repressiyalarla üzləşə bilərik, azala bilərik, lakin, tükənməyəcəyik! "Kanal 11" internet televiziyası olaraq aidiyyatı qurumlardan məsələyə aydınlıq gətirilməsini tələb edirik", bəyanatda bildirilir.

AmerikanınSəsinin məlumatında qeyd olunur ki, Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz