Tofiq Yaqublu 'dələduzluq' və 'sənəd saxtakarlığı' iddialarını rədd edir - VƏKİL

Xəbərin çap versiyası
Tarix: 15-12-2023, 11:51


Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun külli miqdarda ziyan vurmaqla dələduzluqda (178.3.2), rəsmi sənədləri saxtalaşdırmada (320.1) və bilərəkdən saxta sənədlərdən istifadədə (320.2) şübhəli sayıldığı bildirilir. Onun Nərimanov rayon Polis İdarəsində başlanmış cinayət işi üzrə istintaqa şübhəli şəxs qismində cəlb edildiyi deyilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.

"Hələlik, işdə təqsirləndirilən şəxs yoxdur", - vəkil vurğulayıb.

Onun deməsinə görə, Yaqublu istintaqın iddialarını rədd edib və cinayət təqibini siyasi fəaliyyəti ilə əlaqələndirib.

"Biz təfərrüatları açıqlamırıq, çünki işdə müəyyən şəxslər var və ictimaiyyət gələcəkdə onlar haqqında məlumat alacaq. Növbəti günlərdə prosessual hərəkətlər davam etdiriləcək və biz istintaq sirrini açıqlamamaq şərti ilə bu barədə müəyyən məlumat verəcəyik. Amma əgər dövlət qurumları şəxsin təqsirsizlik prezumpsiyasını pozan məlumat yayarlarsa, bu halda biz onu təkzib etməyə məcbur olacağıq", - Layıc bildirib.

Qeyd edilən maddələrlə şəxsə 12 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Vəkilin dediklərini, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Evində axtarış aparılıb

Milli Şuranın Koordinasiya Mərkəzi və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun evində dekabrın 14-də aparılan axtarışda xarici valyutada və manatla pul tapıldığı bildirilir.

Bu barədə siyasətçinin qızı Nigar Həzi bildirib. Onun sözlərinə görə, bu pullar onlara aid deyil və evlərinə yerləşdirilib.

N.Həzi qeyd edib ki, evdən anasına aid olan mobil telefonlar və kompüter da götürülüb: "Mən özüm gəlsəm də, evimizə buraxılmamışam və axtarışda iştirak edə bilməmişəm", AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz