Kamil Vəli Nərimanoğlu vəfat edib

Xəbərin çap versiyası
Tarix: 16-12-2023, 13:48


Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlu 77 yaşında vəfat edib.

Civilazerbaijan.com
bildirir ki, professor ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, tənqidçi, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru (1988), professor (1989), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1981), Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlu 1946-cı ilin avqustun 18-də Cəbrayıl rayonu Cəbrayıl qəsəbəsində doğulub. 1970-ci ildə BDU-nun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

K.Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi alıb, 1988–1998-ci illərdə universitetdə Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik edib, Böyük Elmi Şuranın üzvü olub.

1990-cı ildə Səlcuq Universitetinin fəxri doktoru adını alıb. Həmçinin Türkiyə Linqvistika Cəmiyyətinin müxbir üzvü idi.

Nərimanoğlu 1991–1992-ci illərdə Türkiyənin Ege Universitetində, 1999–2000-ci ildə Şimali Kiprin Şərqi Akdəniz Universitetində dərs deyib. Türkiyənin nüfuzlu elmi təşkilatlarından Türk Dil Qurumunun, Atatürk Kültür Mərkəzinin və Türk Folklor Qurumunun fəxri üzvü, Səlcuq Universitetinin fəxri professoru idi.

Türkiyənin İstanbul Yeditəpə Universitetində dərs deyirdi və Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinə rəhbərlik edirdi.

O, 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində işləmişdi.

1998-ci ildə elmi araşdırmalarına və Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin inkişafına görə Türkiyə Respublikası prezidentinin fərmanı ilə "Şərəf və Ləyaqət nişanı" ilə təltif edilmişdi. 2002-ci ildə xidmətlərinə görə Türkiyə Nazirlər Kabineti yanında Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin, Türk Dil Qurumunun mükafatlarını almışdır. 2004-cü ildə Bilkənd Universiteti və Türk Mədəniyyətinə Xidmət Vəqfi tərəfindən dünyaca məşhur dörd elm və mədəniyyət xadimi ilə birgə mükafatlandırılmışdı. Həmin il Qırğızıstanda Çingiz Aytmatov Akademiyasının fəxri üzvü seçilmişdi.

Azərbaycan oxucusu Kamil Vəli Nərimanoğlunu ilk növbədə "Elin yaddaşı, dilin yaddaşı" əsəri ilə tanıyıb.

Qeyd edək ki, Kamil Vəli Nərimanoğlunun eyni zamanda AXCP sədrinin müavini idi.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli onunla bağlı “Facebook” səhifəsində paylaşım edib:

“Sədr müavini, professor Kamil Vəlinin vəfatı təkcə AXCP ailəsi üçün deyil, bütövlükdə xalqımız üçün ağır itkidir. Kamil Vəli prinspial mövqeli böyük ziyalı idi. O, ömrünün sonuna qədər cəbhə ideyasına və ziyalı mövqeyinə sadiq qaldı. Təsəllimiz budur ki, Kamil müəllim də ömrü ləyaqətlə yaşayıb, ləyaqətlə başa vurdu”, – Əli Kərimli bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz