ABŞ səfirliyi Tofiq Yaqublunu həbsdən azad etməyə çağırır
Tarix: 19-12-2023, 12:48
ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan hökumətini Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu həbsdən azad etməyə çağırıb.
Civilazerbaijan.com bildirir ki, bu barədə səfirlik dekabrın 18-də açıqlama verib.
“Tofiq Yaqublunun həbsi və saxlanması bizi çox narahat edir. Biz Tofiq Yaqublunu və fundamental azadlıqlardan istifadə etdiklərinə görə həbsdə olanların hamısını azad etməyə çağırırıq”, ABŞ-ın Azərbaycandaklı səfirliyi dekabrın 18-də X sosial media platformasında qeyd edib.
Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.
Dünən isə ABŞ Dövlət Departamenti Azərbaycandakı həbslərlə bağlı açıqlama verib.
Qurumun sözçüsü Metyu Miller "Turan" informasiya agentliyinə açıqlamasında Azərbaycandakı jurnalistlərin, müxalif fəalların və hökümət tənqidçilərinin son həbslərini "qəbuledilməz" adlandırıb.
"Ondan çox tənqidçi yalnız son bir ayda tutulub. Bu yolverilməzdir!", - deyə Miller açıqlamasında vurğulayıb.
Son günlərdə ölkədə qaçaqmalçılıq, sənədsiz torpaq üzərində qanunsuz ev tikmək və başqa ittihamlarla 8 jurnalist həbs edilib. 2023-cü ilin iyul ayından iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu (satış məqsədi ilə saxta valyuta hazırlamaqda ittiham olunur), ötən ilin dekabrından insan hüquqları faəlı Bəxtiyar Hacıyev (Cinayət Məcəlləsinin 8 maddəsi üzrə ittiham olunur) həbs edilib.
Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə ümumilikdə siyasi iddialarla iki yüzdən çox insan həbsdədir.
Azərbaycandakı həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.
Rəsmi Bakı ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır, AmerikanınSəsinin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər