Arif Hacılının oğlu ev dustaqlığına buraxılıb

Xəbərin çap versiyası
Tarix: 19-12-2023, 13:48


Müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı ev dustaqlığına buraxılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə vəkil Nemət Kərimli AzadlıqRadiosuna məlumat verib.

Vəkilin sözlərinə görə, dekabrın 19-da Yasamal rayon Məhkəməsində O.Hacılının ev dustaqlığına buraxılması üçün vəsatətə baxılıb və məhkəmə vəsatəti təmin edib: "İstintaq artıq 50 gündür davam edir və bu müddət ərzində həbs seçilməsi üçün əsaslar aradan qalxmışdı. Ona görə də biz ev dustaqlığı ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişik. Məhkəmə bizim vəsatətimizi haqlı hesab etdi".

O, həmçinin əlavə edib ki, O.Hacılı özünü təqsirli bilmir.

A.Hacılı da oğlunun azadlığa buraxılmasını müsbət hal kimi dəyərləndirib: "Son həbs dalğası Orxanın həbsi ilə başlamışdı, ümid edirəm ki, azadlığa buraxılma dalğası da elə Orxanın azadlığa çıxması ilə başlayacaq".

Azərbaycanda son bir ayda 10-a yaxın jurnalist, fəal həbs edilib. Onlar qaçaqmalçılıq, dələduzluq, saxta sənədlərdən bilərəkdən istifadə kimi qanunsuz əməllərdə ittiham edilirlər. Amma ittihamları qəbul etmirlər.

Qeyd edək ki, O.Hacılı noyabrın 2-də həbs olunub.

Yasamal rayon Polis İdarəsində onun barəsində CM-in 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

Yasamal rayon Məhkəməsi O.Hacılı barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarmışdı.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz