Avropa İttifaqının jurnalıistləri və fəalları azad etmək tələbi Azərbaycan XİN-i qəzəbləndirib

Xəbərin çap versiyası
Tarix: 22-12-2023, 16:17


Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Azərbaycanda jurnalistlərin həbsini pisləyən Avropa İttifaqının bəyanatı ilə bağlı şərh verib.

Civilazerbaijan.com
bildirir ki, şərhdə belə deyilir: "Avropa İttifaqının (Aİ) Azərbaycanda jurnalistlərin və siyasi fəalların saxlanması ilə bağlı əsassız ittihamlarını qətiyyətlə rədd edirik.

Bu cür əsassız və qərəzli bəyanatları, Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə cəhdləri kimi qiymətləndiririk.

İstintaqın gedişatına müdaxilə edilməsi qəbuledilməzdir və məhkəmə prosesinin işinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyi prinsipinə ziddir. Təəssüf hissi ilə qeyd edirik ki, Aİ-nin Ermənistanda insanların fundamental hüquq və azadlıqlarının pozulması, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi hallarına, habelə siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə biganə qalması ikili standartların bariz nümunəsidir.

Ölkəmizə qarşı bu kimi əsassız bəyanatlarla çıxış etmək əvəzinə, qarşı tərəfi Aİ üzv dövlətlərində insan hüquqlarının pozulması hallarına diqqət yetirməsini tövsiyə edirik. Aİ tərəfi Fransada “sarı gödəkçələr” aksiyasında 12 nəfər üzvün öldürülməsi, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, İslamofobia və müsəlmanlara qarşı hücum faktlarını hələ də araşdırılmayıb və adekvat münasibət bildirməyib.

Qeyd edilənlər fonunda, Aİ-nin bu cür qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.

Bu əsassız iddialar Azərbaycan və Aİ əlaqələrinin inkişaf perspektivlərinə zərbə vurur", Turanın məlumatında qeyd olunur.

Qeyd edək ki, Avropa İttifaqı Azərbaycanda jurnalistlərin və fəalların həbslərinin ciddi narahatlıq doğurduğunu bəyan edib. Bu barədə dekabrın 21-də Aİ-nin xarici işlər üzrə baş sözçüsü Peter Stano cümə axşamı bəyanat yayıb.

Rəsmi fundamental hüquqlarından istifadə etdiklərinə görə həbs edilənlərin azad edilməsinə, ifadə azadlığı və müstəqil jurnalistika üçün azad və sərbəst məkanın təmin edilməsinə çağırıb.

Peter Stano həmçinin insan hüquqlarının, o cümlədən fundamental azadlıqlar və qanunun aliliyinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin mühüm elementləri olduğunu vurğulayıb:

“Bu kontekstdə son vaxtlar jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Əziz Orucov, Rüfət Muradlı, Nərgiz Absalamova, Teymur Kərimov, Hafiz Babalı və digərlərinin əsassız həbsi müstəqil jurnalistika üçün məkanın daralması və Azərbaycanın beynəlxalq öhdəliklərinə zidd olaraq ifadə azadlığını məhdudlaşdırması ilə bağlı ciddi narahatlıq doğurur”.

Aİ həmçinin insan hüquqları fəalı İlhamiz Quliyev və müxalifət lideri Tofiq Yaqublunun həbsindən, Qubad İbadoğlu və Bəxtiyar Hacıyevin məhkəməyəqədər həbs müddətinin uzadılmasından təəssüfünü ifadə edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz