Araz Əliyevin həbs olunduğu bildirilir

Xəbərin çap versiyası
Tarix: 24-12-2023, 15:48


NİDA Vətəndaş Hərəkatının və III Respublika Platformasının üzvü Araz Əliyevin 25 sutka inzibati həbs aldığı bildirilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə vəkil Nemət Kərimli məlumat verib. Ancaq onun sözlərinə görə, hələlik, gənc fəalın konkret hansı maddə ilə təqsirləndiyini dəqiqləşdirə bilməyiblər.

Vəkilin bu məlumatına rəsmi qurumlardan da, hələlik, münasibət almaq mümkün olmayıb, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının və III Respublika Platformasının üzvü Araz Əliyev ilə yaxınlarının dekabrın 23-ü saat 18 radələrindən əlaqəsi itib. Onun telefonuna zəng çatmır. Rəsmi qurumlar Əliyevin saxlanılıb-saxlanılmaması barədə məlumat yaymayıb.

III Respublika Platformasının üzvü Akif Qurbanov da AzadlıqRadiosuna bildirib ki, Araz Əliyevdən xəbər yoxdur: "Hüquq-mühafizə orqanlarına müraciət etsək də, reaksiya yoxdur".

O, deyib ki, sözügedən platformanın Qurucu Heyəti təşkilatın fəaliyyətini koordinasiya etmək səlahiyyətini spiker olaraq 1 illik ona həvalə edib. “Ona görə də nə iddianız varsa, mənə ünvanlayın. Bütün məsuliyyəti daşımağa hazıram. Araz Əliyevi rahat buraxın", - deyə o rəsmi qurumlara müraciət də edib.

Araz Əliyevlə əlaqə itənədən sonra “III Respublika” Platforması bəyanat yayıb.

Araz Əliyevin yaxınlarına və müstəqil vəkilə çıxışı təmin edilmədən tutulması beynəlxalq insan haqları hüququnda qəti surətdə qadağan edilən inkommunikado həbsdir”

“III Respublika” Platforması Qurucu Heyətinin üzvü Araz Əliyevdən dünəndən xəbər olmamasını onun oğurlanması kimi dəyərləndirib.

Bu barədə dekabrın 24-də Platformanın yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda qeyd olunur ki, sərt avtoritar qaydalarla idarəetməyə aludə olan Azərbaycanın hüquq-mühafizə orqanları uzun illərdir Əliyev hökumətinin tənqidçilərini adam oğurlamaq yolu ilə həbs etməyi artıq vərdişə çevirib:

“Araz Əliyevin də belə bir oğurlama hadisəsinin qurbanı olması şübhə doğurmur. Onun yoxa çıxmasından keçən bir sutka ərzində israrlı müraciətlərə baxmayaraq, polis orqanlarının susqunluğu bu şübhəmizi daha da möhkəmləndirir”.

“Əlavə olaraq qeyd edirik ki, Araz Əliyevin yaxınlarına və müstəqil vəkilə çıxışı təmin edilmədən tutulması beynəlxalq insan haqları hüququnda qəti surətdə qadağan edilən inkommunikado həbsdir. Bu cür həbslər insanların azadlıq haqqının kobud və özbaşına pozuntusudur”, – bəyanatda bildirilib.

Bildirilir ki, ailə üzvləri və vəkilin Araz Əliyevin harada olması barədə axtarışları heç bir nəticə vermir:

“Araz Əliyev tanınmış ictimai-siyasi fəaldır və hazırki hökumətin ardıcıl tənqidçilərindəndir. O, siyasi fəaliyyətini III Respublika Platformasının Qurucu Heyətinin üzvü kimi, ictimai aktivlik fəaliyyətini N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü kimi, intellektual peşə fəaliyyətini isə Bakı Dövlət Universitetinin müəllimi kimi davam etdirir”.

“Araz Əliyevin tutulması açıq-aşkar siyasi motivlidir və Azərbaycan hökuməti siyasi motivli həbsləri dayandırmağa dair beynəlxalq hüquqi öhdəlik daşıyır”,-deyə bəyanatda vurğulanıb.

Bəyanatda son günlər vüsət alan repressiya dalğasının dayandırılması, Araz Əliyevin, eləcə də həbs edilmiş bütün jurnalistlərin və ictimai-siyasi fəalların dərhal azad edilməsi hökumətdən tələb olunur:

“Eyni zamanda, bütün Azərbaycan ictimaiyyətinə müraciət edərək ölkədə baş alıb gedən qanunsuzluqlara, günahsız insanların zindanlara atılmasına biganə qalmamağa, insan haqqlarının müdafiəsində, xüsusilə də ölkənin avtoritar idarəetmədən xilas edilməsi üçün fəallığa səsləyirik!”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz