Jurnalist Şamo Eminov həbs edilib
Tarix: 27-12-2023, 13:36
Kanal-13 İnternet-televiziyası ilə əməkdaşlıq edən jurnalist Şamo Eminov qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Eminov dekabrın 22-də saxlanılıb.
Civilazerbaijan.com bildirir ki, bu barədə Turan-a onun xanımı Dürdanə Eminova məlumat verib. Həmin gün axşam saatlarında onların evində axtarış aparılıb.
“Dekabrın 22-də səhər Şamo müsahibəyə getmək üçün evdən çıxdı. Sonra mən evdən çıxıb qızımgilə getdim. Axşam polisdən zəng gəldi ki, həyat yoldaşım ordadır və onun diplomunu gətirməyi istədilər. Diplomu götürmək üçün evə gələndə mənzildə hər şeyin dağınıq olduğunu gördüm, həyat yoldaşımın noutbuku yox idi. Məlum oldu ki, axtarış aparıblar", - Eminova bildirib.
Beş gün ərzində həyat yoldaşının taleyini aydınlaşdıra bilməyib.
Dekabrın 26-da Eminov 2-3 dəqiqəliyə zəng edərək "qaçaqmalçılıqda" ittiham olunduğunu bildirib və deyib ki, məhkəmə onun barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.
"Ancaq o heç bir cinayət törətməyib, heç bir günahı yoxdur", - jurnalistin xanımı deyib.
Bir ay öncə Kanal-13-ün rəhbəri Əziz Orucov həbs edilib. Əvvəlcə onu "qanunsuz ev tikməkdə", daha sonra "qabaqcadan əlbir olmaqla külli miqdarda qaçaqmalçılıqda" günahlandırıblar.
Kanal-13-ün direktoru, xaricdə olan Anar Orucovun məlumatına görə, kanalın aparıcısı, inzibati həbs cəzası çəkən Rüfət Muradlı da Əziz Orucovun işi üzrə cəlb olunub. Lakin Rüfət Muradlının vəkili Nazim Musayev belə məlumata malik olmadığını bildirib.
Vəkil deyib ki, dünən təcridxanada Muradlı ilə görüşüb və o da ona qarşı hər hansı cinayət ittihamı barədə heç nə deməyib.
Vəkilin sözlərinə görə, Muradlının inzibati həbs müddəti yanvarın 1-də başa çatır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər