Azərbaycanda casus qalmaqalı böyüyür

Xəbərin çap versiyası
Tarix: 8-01-2024, 17:59


Bazar ertəsi Azərbaycanın hökumətyönlü KİV-i Bakıda həbs olunan "fransız casuslar"dan birinin adını açıqlayıb.

Civilazerbaijan.com
bildirir ki, bu, "Merkorama" özəl şirkətinin rəhbərlərindən biri Martin Ryandır.

Hökumətyönlü KİV bu informasiyasının mənbəyi kimi erməni əsilli fransız jurnalist Leo Nikolyanın "Tvitter"də dərc etirdiyi yazını göstərir.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti bu barədə məlumat verməyib. Fransanın Bakıdakı səfirliyi də öz vətəndaşlarının ünvanına casusluq ittihamından sonra hər hansı bəyanat verməyib.

"Merkorama" şirkəti 2020-ci ilin oktyabrından Bakıda yerləşir, qida məhsulları və xammal idxalı üzrə ixtisaslaşıb.

Sosial şəbəkələrdəki məlumatlara görə, bu şirkətdə 10 nəfərdən çox adam olmayıb, əsasən Azərbaycan vətəndaşlarıdır.

Şirkət həmçinin xarici şirkətlərin ixrac və Azərbaycanda müəssisələrin yaradılması məsələləri üzrə konsaltinqi, eləcə də İT, mühasibatlıq, hüquqi məsələlər və tərcümə sahəsində xidmətlərin göstərilməsilə məşğul olub.

Martin Ryana gəlincə, onun haqqında çox az şey məlumdur.

2021-ci ildə Fransanın "Caucasefrance.com" nəşrinə müsahibəsində prezident Makron hökumətinin Azərbaycanla bağlı siyasətini tənqid edib.

O deyib ki, Bakı və Parisin münasibətlərindəki diplomatik böhran Fransa şirkətlərini Qarabağda azad edilmiş ərazilərdə böyük layihələrdə iştirak imkanından məhrum edib. O qeyd edib ki, prezident Makron öz sələflərindən fərqli olaraq, 2017-ci ildə hakimiyyətə gələndən bəri Azərbaycana bir dəfə də olsun səfər etməyib.

"Bizdən fərqli olaraq, münaqişə zamanı Azərbaycana təmkinli dəstək göstərən ölkələr artıq yaxşı mövqelər tuturlar və hər gün ölkədə öz iştirakını daha da möhkəmləndirirlər", - Ryan deyib.

O, Paşinyan hökumətini Bakı ilə birbaşa dialoqa başlamağa və sülh müqaviləsini imzalamağa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa, Ermənistanın investorları və aparıcı ticarət tərəfdaşları olacaq Azərbaycan və Türkiyə ilə sərhədləri açmağa çağırıb.

"Bütün bunlar Ermənistanın regional təcrid problemini həll etməyə imkan verəcək və onu xarici diaspordan asılılıqdan azad edəcək", - Ryan qeyd edib.(Turan.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz