İctimai fəal korrupsiyaya qarşı mübarizə idarəsinə çağırılıb

Xəbərin çap versiyası
Tarix: 23-01-2024, 17:07


Yanvarın 23-də ictimai fəal Əhməd Məmmədli Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.

Civilazerbaijan.com
bildirir ki, fəal Amerikanın Səsinə deyib ki, 2022-ci ilin noyabrında Cəlilabad Rayon Prokurorluğuna çağırılıb və ona qarşı cinayət təqibi başladılacağı qeyd olunub. Məmmədlinin sözlərinə görə, prokurorluq onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etdiyi, magistratura təhsilini davam etdirmək üçün Muğla Sıtkı Koçman Universitetinə qəbul aldığı sənədi saxta hesab edib, həmçinin ölkədən çıxışına qadağa qoyulub:

“Əslində saxta sənəd işi gündəmdə deyil, mən idarəyə daxil olan kimi mənə dedilər ki, bu iş “voenkomat” (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət) işidir. Yəni saxta sənəd məsələsi heç gündəmdə yoxdur. Məsələ burasındadır ki, mənə qarşı açılan iş artıq öz qüvvəsini itirmək üzrədir və itirdiyi üçün də ölkədə baş verən repressiyanı fürsət bilib, yenidən işi aktivləşdiriblər. Müstənqid məndən izahat aldı, əvvəlcə izahatda mənim işimin siyasi olduğunu qeyd etmədilər. Mənim və vəkilimin təkidlərindən sonra izahatımda qeyd etdilər ki, bu iş sırf siyasi səbəblərdən dolayı açılıb”.

Fəal bildirib ki, “saxta sənəd” məsələsi bəhanədir və ortada saxtalaşdırılacaq sənəd yoxdur.

“Mənə göstərilən və hazırda ekspertiza aparılacağı bildirilən sənəd mənə aid deyil. Özlərindən sənəd hazırlayıblar, Türkiyə səfirliyindən cavab alıblar, notariuslardan saxta cavab alıblar ki, guya mən saxta sənəd hazırlamışam. Lakin özləri də mən içəri daxil olan kimi dedilər ki, bu iş “voenkomat” işidir. Mənə verilən suallar da sırf hərbi məsələmlə bağlı suallar idi”, deyə Məmmədli qeyd edib.

İctimai fəalın sözlərinə görə ekspertiza üçün imzasını götürüblər ki, onu təqsirləndirilən şəxs qismində müəyyən etsinlər:

“Hansı addımları atacaqlarını bilmirəm. Azərbaycanda baş verən həbslərin fonunda bunu da mənə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Bildirdilər ki, səninlə yenidən əlaqə saxlayıb, idarəyə çağıracağıq. İlkin ekspertiza aparılıb və əldə etdikləri saxta nəticəyə görə guya mənim təqdim etdiyim sənəd saxtadır. Mən də bildirdim ki, bu yalan iddiadır”.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən mövqe almaq mümkün olmayıb.

2022-ci ilin sentyabrın 20-də Əhməd Məmmədliyə Səbail Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib.

Məmmədli məhkəmənin önündən polis maşını ilə aparılarkən bildirib ki, o sülh çağırışlarına və İlham Əliyevi tənqidlərinə görə həbs olunub. Əhməd Məmmədli həbsinin əsassız olduğunu deyib.

Həmin il oktyabrın 21-də 30 sutka inzibati həbs cəzasından azadlığa çıxan Əhməd Məmmədli mətbuat konfransı keçirib. Hərəkət sədri bildirib ki, inzibati həbsdə olarkən ona sülhlə bağlı danışmayacağı təqdirdə təhsilini davam etdirmək üçün ölkədən çıxışına şərait yaradılacağı barədə təkliflər olunub, lakin Məmmədli bundan imtina etdiyini deyib. Əhməd Məmmədli əlavə edib ki, o magistratura təhsili üçün ona möhlət hüququ tanınıb və notariusda təsdiq olunub, lakin siyasi fəaliyyəti ilə bağlı bu hüququndan məhrum edilə bilər.

Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev o zaman Amerikanın Səsinə bildirmişdi ki, hansısa vətəndaşın hərbi xidmətə göndərilməsi Daxili İşlər Nazirliyinin səlahiyyətində olan məsələ deyil.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz