Novruz Bayramında əfv sərəncamı imzalanacaq? - AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 27-02-2024, 15:56


Son onilliklərdə Azərbaycanda bir çox illər hər Novruz bayramı öncəsi Əfv Komissiyası toplaşar, iclaslar keçirər və bayramdan bir, ya iki gün öncə əfv sərəncamları verilərdi. Bu il isə Novruz bayramına (21 mart) bir aydan da az vaxt qalsa da, Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları başlamayıb.

Civilazerbaijan.com
bildirir ki, sonuncu əfv sərəncamı ötən ilin mayında imzalanıb. Həmin əfv sərəncamı 801 məhkuma aid edilib. Onların arasında hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdikləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və hüquq müdafiəçisi, jurnalist Elçin Məmməd də olub.

Bəzi hüquq müdafiəçilərin fikrincə, ötən ildən indiyə qədər ölkədə siyasi məhbusların sayı artıb və onları azadlığa buraxmaqla bu problemi həll etmək lazımdır. Bir sıra hesablamalara görə, artıq ölkədə siyasi məhbus sayı 200-ü keçib. Amma hüquq müdafiəçiləri arasında bununla bağlı vahid siyahı yoxdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Turana bildirib ki, Əfv Komissiyasının katibliyi və Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsi daima işləyirlər: “Onlar Prezidentin adına əfvlə bağlı müraciətləri qəbul və emal edib müvafiq arayışlar hazırlayırlar. Yetərli qədər müraciətlər də daxil olmaqdadır. Amma işin fasiləsiz getməsi o demək deyil ki, bir neçə aydan bir Əfv Komissiyasının iclasları keçirilməlidir. Hazırda iclaslar keçirilmir. Arayışlar toplanıldıqdan sonra Komissiyanın sədrinə təqdim olunacaq və Prezidentin müəyyənləşdirdiyi vaxt çərçivəsində iclaslar keçiriləcək”.

Komissiyanın üzvü da qeyd edib ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamları imzalanırdı və bu baxımından da hər Novruz Bayramı ərəfəsində növbəti əfv sərəncamı ilə bağlı gözləntilər olur: “Amma nəzərə alsaq ki, digər Azərbaycan dövlətinin həyatında mühüm günlərlə bağlı əfv sərəncamlar da verilir. Ötən il də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı böyük bir əfv sərəncamı imzalandı. O gündən o qədər də böyük vaxt keçməyib. Bu baxımından Novruz Bayramında əfv sərəncamının olması az gözləniləndir”.

Ə.Nuriyevin sözlərinə görə, 2024-cü ilin fevralında prezident seçkiləri, ardınca da hökümətin formalaşması prosesi oldu: “Eyni zamanda Münhen təhlükəsizlik konfransı çərçivəsindəki kimi mühüm beynəlxalq görüşlər də keçirilir. Bütün diqqət bu proseslərə cəlb olunub və hökümət daha çox bu istiqamətdə və islahatların keçirilməsinə fokuslanıb. Hökümətin bir neçə nümayəndəsinin Əfv Komissiyasının üzvləridir. Ona görə də hökümətin formalaşması prosesi paralel olaraq komissiyanın iclaslarını mümkünsüz edirdi”.

O vurğulayıb ki, Əfv sərəncamının nə vaxt imzalanacağı və əfvə kimlərin düşməsi məsələsi ölkə Prezidentinin müstəsna səlahiyyətidir: “İnanıram ki, qarşıdakı aylarda, bu il ərzində növbəti əfv sərəncamı ola bilər”.

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərovun sözlərinə görə, ötən ilin may ayından bəri Azərbaycanda siyasi məhbusların sayı son 20 il ərzində özünün ən yüksək nöqtəsinə çataraq 300-ə yaxınlaşıb.

"Son bir il elə dövrdür ki, artıq biz hər rüb, hər ay yox, demək olar ki, hər gün saxlanmaların şahidi oluruq... Siyasətdən kənar əsassız həbs olunan xeyli dustaq da var. Bu baxımından, Azərbaycan hakimiyyətinin marağında olmalıdır ki, zaman-zaman, heç olmasa, əfv və amnistiya yolu ilə bu adamları azadlığa buraxsın", - o, AzadlıqRadiosuna bildirib.

Hərçənd hüquqşünasın fikrincə, əfv sərəncamları problemi tam həll etmir, bütün siyasi məhbusların azadlığa buraxılması baş vermir: "Əfv sərəncamları imzalanır, amma qısa müddətdə həmin o azadlığa buraxılan siyasi məhbusların yerini başqaları doldurur. Bu, sanki hüquqi manipulyasiyadır. Bu, siyasi məhbusların, cəmiyyətin hissləri üzərində hakimiyyətin hüquqi rəqsidir".

Hərçənd, rəsmilər Azərbaycanda siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarına salınan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz