Ülvi Həsənlinin həbsxanadan qızına MƏKTUBU

Xəbərin çap versiyası
Tarix: 29-02-2024, 13:26


"Abzas Media" onlayn nəşrinin həbsdə olan direktoru Ülvi Həsənli qızı Suada açıq məktubu ünvanlayıb.

Civilazerbaijan.com
həmin məktubun mətnini təqdim edir:

"Əziz qızıma açıq məktub

Gözəl qızım Suad! Səninçün çox darıxmışam. 90 gündən çoxdur səni görə, qucaqlaya, gülüşünü eşidə bilmirəm. Çünki mən və dostlarım – Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Məhəmməd Kekalov və Hafiz Babalı jurnalistika fəaliyyətimizə görə həbs olunmuşuq.

Əziz qızım, hazırda sən 1 yaş 6 aylıqsan. Biz həbs olunanda sən hələ yerimirdin. Amma bir ay əvvəl məhkəmələrimizin birində vəkilim Zibeydə xanım dedi ki, Suad artıq yeriməyə başlayıb. Bəlkə də ən gözəl, ən sevimli vaxtlarındır. Səni görməyəli yeni mimikaların, yeni davranışların yaranıb. Bu anları görməyi, yaşamağı arzulayırdım. Ona görə “arzulayırdım” deyirəm ki, Azərbaycanın bu gününü və gələcəyini oğurlayan korrupsiya faktlarını ortaya çıxardığımıza və yayımladığımıza görə, az qala hər gün həbs ediləcəyimizi gözləyirdik. Belə də oldu. Biz həbs olunduq. Çünki Azərbaycan dünyanın ən repressiv ölkələrindən birinə çevrilib. Müstəqil jurnalistlər ölkəmizdə bu cür təhlükələr və təzyiqlər altında fəaliyyət göstərirlər.

Əziz qızım, bilirəm ki, bu gün yazdıqlarımı oxuyacaq yaşda deyilsən. Bunları həm də ona görə yazıram ki, yanında ola bilmədiyimə görə məni bağışlayasan və gələcəkdə bu hadisələri dərk edəndə məni qınamayasan.

Gözəl Suad, “Abzas Media”nın həbs olunan əməkdaşlarının əksəriyyəti 3 ay ərzində ən sərt formada izolyasiya olundu. Bizə yaxınlarımızla görüşmək, telefonla səslərini eşitmək belə qadağan edildi. Hətta səni – 18 aylıq uşağı 5-10 saniyəlik qucaqlamağa belə düşməncəsinə imkan vermədilər. Səni indi də görə, bağrıma basa bilmirəm. Azərbaycanda totalitar sovet rejimi faktiki olaraq bərpa edilib, ölkəni isə sovet təfəkkürü idarə edir. Hələ də atalara, analara görə övladlar, övladlara görə valideynlər, ailə üzvləri cəzalandırılır. Analarımızın yeganə gəlir yeri olan pensiya kartları bloklanıb, ailə üzvlərimizin, dostlarımızın bank hesablarına həbs qoyulub və onların ölkədən çıxışı qadağan olunub.

Azərbaycanın müstəqillik tarixində ilk dəfədir ki, bir media qurumu tənqidi materiallarına, araşdırmalarına görə belə total repressiyaya məruz qalır. Bizi həbs etmələri ürəklərini soyutmayıb, yaşlı-cavan, qadın-uşaq demədən ailə üzvlərimizə, yaxınlarımıza da təzyiq edir, cəzalandırır və bizdən bu şəkildə də qisas almağa çalışırlar. Terrorda, kütləvi qətldə, ən ağır cinayətlərdə ittiham olunanlara qarşı heç bu cür məhdudiyyətlər tətbiq edilməyib. Mətbuatdan hər dəfə eşidirik ki, filan müttəhim yaxını ilə danışıb, filankəslər ailə üzvləri ilə dəfələrlə telefon əlaqəsi yaradıblar. Amma biz sanki sürgünə, yaxud konslagerə göndərilmişik, ailə üzvlərimiz də bizə görə cəzalandırılır və təzyiq altında saxlanılırlar.

Əziz qızım, bu məktubu sənə şəxsi də yaza bilərdim. Ancaq düşündüm ki, ictimai şəkildə yayımlanmağı günümüz və tarix üçün əhəmiyyətlidir. Gələcəkdə, bu məktubu oxuyanda daha aydın anlayacaqsan ki, Azərbaycan necə qaranlıq bir dövrdən keçib.

Hələlik bu qədər, qızım.

Sevgilərlə, Ülvi.

Fevral, 2024".


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz