"Qarabağda müharibə an məsələsidir" - ŞƏRH
Tarix: 10-04-2017, 17:16
"Aprelin ilk günlərində Qərb, Rusiya və Ermənistanın qorxduğu baş vermədi. Cəbhədəki vəziyyət ötənilki ilə müqayisədə nisbətən sakitdir. İkinci qorxu ondan ibarət idi ki, Ermənistanda 2 apreldə keçən parlament seçkisi zamanı Azərbaycan ordusu hücuma keçə bilər. Bu da olmadı. Çünki Ermənistandakı seçki günü hücum əməliyyatı Azərbaycanın da maraqlarına cavab vermirdi".
SİVİL.AZ "Qaynar"-a istinadla xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb.
Siyasi şərhçi bildirib ki, Fransa və Rusiyadan fərqli olaraq ABŞ-ın Aprel hadisələri ilə bağlı xüsusi bəyanat yaymaması Vaşinqtonun Cənubi Qafqazı və Azərbaycanı unutması anlamına gəlmir: “Yüksək rütbəli amerikalı diplomatlardan biri “Atlas” Araşdırmalar Mərkəzinin təmsilçisi ilə söhbətdə vurğulayıb ki, Ağ Evdə yeni administrasiya formalaşır, xarici siyasətin konturları müəyənləşdirilir. Ancaq bu faktorlar ABŞ-ın Azərbaycandakı fəaliyyətinə təsir etməyib və səfirlik əvvəlkitək Azərbaycanın dövlət sturkturları ilı səx əməkdaşlıq edir. Dövlət Departamentindən verilən tapşırıq da belədir ki, ABŞ-Azərbaycan münasibətləri ən yüksək səviyyədə olmalıdır. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Vaşinqton üçün prioritet məsələlərdən biridir. Amerikalı diplomatın sözlərinə qüvvət olaraq bu ölkənin Minsk Qrupundakı yeni həmsədri Riçard Hoqlandın bölgəyə son səfəri zamanı verdiyi açıqlamanı da xatırlamaq olar. O, dedi ki, münaqişənin həlli üzərində işləyirlər və həmin plan 3 əsas maddədən ibarətdir. Böyük ehtimalla, həmin maddələr bunlardır: Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılması, azərbaycanlı məcburi köçkünlərin geri qayıdışının təmin olunması və statusu müəyyənləşdirən referendum tarixinin dəqiqləşdirilməsi. Sonuncu prinsip Azərbaycan üçün ziddir. Buna baxmayaraq, amerikalı diplomat bu 3 maddəni xatırlatmaqla Vaşinqtonun da münaqişənin həlli üzərində çalışdığına işarə etdi”.
Politoloqun fikrincə, Fransa, Rusiya, ABŞ nəsə etməyə çalışsalar da, müharibə təhlükəsi ortadan qaldırılmayıb: “Ermənistandakı 2 aprel parlament seçkisinin nəticələri Azərbaycan cəmiyyətini və siyasi dairələrini məyus etdi. Ermənistanda sülhə çağırış edənlər, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının vacib olduğunu söyləyənlər parlamentdən kənarda qaldılar. Parlament hakim partiyanın və onun müttəfiqlərinin nəzarətində qaldı. Həmin qüvvələr isə Dağlıq Qarabağda status-kvonun davamında maraqlıdırlar. Bu qüvvələr Dağlıq Qarabağ ətrafındakı rayonları statusa dəyişmək istəyirlər. Bu isə açıq-aşkar şantajdır və Azərbaycan heç zaman bu “prinsiplə” razılaşmayacaq. Belə olan halda müharibə riskinin azaldığını vurğulamaq mümkün deyil”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər