3-cü dünya müharibəsi kosmosda olacaq - Generaldan AÇIQLAMA
Tarix: 16-04-2017, 13:08
Son illər “üçüncü dünya müharibəsi” ifadəsi tez-tez istifadə olunur. Bu ifadə bizim üçün demək olar ki, adiləşib.
Çoxları inana bilmir ki, bəşəriyyət yenidən fəlakətə sürüklənəcək. Bizlər üçüncü dünya müharibəsinin başlayacağına əmin də deyilik.
Lakin son zamanlar ABŞ-ın Suriyadakı bazanı reketlərlə vurması, Əfqanıstandakı İŞİD mövqeyini “Bütün Bombaların Anası” adlı qeyri-nüvə bombası ilə məhv etməsi, bu fonda Pentaqonla Şimali Koreya arasında gərginliyin pik həddə çatması dünya ictimaiyyətini düşündürməyə başlayıb.
Bu proseslər fonunda isə Şimali Koreya növbəti dəfə nüvə bombası sınağını həyata keçirmək niyyətindədir.
Bütün bunlar üçüncü dünya müharibəsinin başlanmasına zəmin yaradırmı?
“Mən istəyərdim ki, hamımız üçüncü dünya müharibəsinin nə olduğunu anlayaq. Bu prosesləri izləyən tədqiqatçılar çoxdan deyirlər ki, artıq üçüncü dünya müharibəsi gedir, amma başqa metod və üsullarla”.
SİVİL.AZ-ın xarici KİV-ə istinadən məlumatına görə, bunu Ukraynanın müdafiə nazirinin sabiq birinci müavini, istefada olan general-polkovnik Anatoli Lopata bildirib.
Onun sözlərinə görə, vəziyyət gərginləşsə də, Şimali Koreya ilə ABŞ arasında müharibə riski olsa da, bu, üçüncü dünya müharibəsinin başlanmasına gətirib çıxarmayacaq.
“Bu, müharibə deyil. Şimali Koreya elə iqtisadi, geopolitik gücdə deyil ki, dünyanı hədələsin. Orada olan insan resursları da imkan vermir ki, dünyaya praktiki mənada meydan oxusun. Lakin Şimali Koreyanın cəfəng hərəkətləri lokal münaqişəyə gətirib çıxara və bundan minlərlə insan zərər çəkə bilər”-deyə general bildirib.
General onu da deyib ki, Şimali Koreyanın hədələri onun özü üçün təhlükəlidir.
Anatoli Lopata Rusiya amilindən də danışıb: “Rusiya təcavüzkar ölkədir, o, Krımı işğal etdi. Bu planda Rusiya ABŞ üçün də təcavüzkar ölkədir. Həm də ona görə ki, Rusiya Suriyada Bəşər Əsədi dəstəkləyir. Düzdür, Rusiyanın Amerikaya qarşı hər hansı təcavüzkar hərəkəti yoxdur. Ancaq anlamaq lazımdır ki, Rusiya yüksək hərbi potensiala malikdir və böyük iqtisadi imkanları var. Və Rusiya bu potensialından zərərli məqsədlər üçün istifadə edə bilər".
Onun fikrincə, qlobal müharibə başlasa belə, nüvə silahı tətbiq edilməyəcək. Çünki bütün güclər anlayır ki, nüvə silahının tətbiqi insan sivilizasiyasını məhv edə bilər.
“Buna görə də, üçüncü dünya müharibəsi baş versə belə, bu, Yerdə olmayacaq. Kosmosda olacaq. İkinci dünya müharibəsi kosmosda aparılmırdı, amma üçüncü dünya müharibəsi başlasa, bu, yeni müstəvidə olacaq – kosmosda aparılacaq. Düşünürəm ki, 50 il sonra kosmosda müharibələrin olması mümkündür”-deyə əlavə edib.
Generalın sözlərinə görə, Rusiyanın hərbi gücü olsa da, hazırda o, üçüncü dünya müharibəsinə hazır deyil. Və bu müharibəyə yeganə hazır olan ölkə ABŞ-dır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər