Pedro Aqramuntun AŞPA sədrliyi ilə bağlı qeyri-müəyyən vəziyyət yaranıb
Tarix: 28-04-2017, 14:20
Avropa Şurası Parlament Assambleyasının sədri (AŞPA) qurumun Büro iclasında iştirak etməyib.
SİVİL.AZ-ın məlumatına görə, bu barədə Büronun iclasına sədrlik etmiş AŞPA-nın vitse-prezidenti, Mühafizəkarlar qrupunun sədri Rocer Geyl bildirib.
O qeyd edib ki, P. Aqramunt Büro iclasına gəlməyib və istefasını təqdim etməyib.
"Biz də buna görə Pedro Aqramunta AŞPA sədri kimi etimad göstərməyəcəyik və o, Assambleyanı təmsil edə bilməz", - deyə R. Geyl vurğulayıb.
Qeyd edək ki, P. Aqramunt istefa vermədiyindən və Nizamnamədə impiçment proseduru olmadığından onun aqibəti hələlik məlum deyil. Belə davam edəcəyi təqdirdə, Nizamnamədə dəyişikliklər ediləcəyi gözlənilir.
Xatırladaq ki, P. Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
Bu isə AŞPA üzvlərinin narazılığı ilə qarşılanıb. Parlamentarilər P. Aqramuna etimadsızlıq məsələsini qaldırıblar. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər