Fiziki məsafə haqqında qayda 2022-ci ilədək qüvvədə olacaq?
Tarix: 15-04-2020, 13:31
Birləşmiş Ştatlarda koronovirus pandemiyası dövründə tətbiq olunmuş fiziki məsafə qaydası 2022-ci ilədək gərəkə bilər.
CivilAzerbaijan.com AzadlıqRadiosu-na istinadla xəbər verir ki, bunu Harvard İctimai Səhiyyə Məktəbinin tədqiqatçıları bildirir.
“Reuters” agentliyinin hesablamasına görə, təkcə aprelin 14-də Birləşmiş Ştatlarda epidemiyadan 2 min 200 nəfər vəfat edib. Hazırda ölkədə 28 min 300-dən çox xəstənin virusdan vəfat etdiyi bildirilir.
“Xəstəxanaların reanimasiya tutumu ciddi şəkildə artırılmasa, yaxud müalicə və ya vaksin əldə olunmasa, 2022-ci ilədək fiziki məsafə saxlamaq qaydası tələb oluna bilər”, – tədqiqatçılar “Science” dərgisindəki araşdırmada yazırlar.
Cənubi Koreya və Sinqapuru misal gətirən araşdırmaçılar qeyd edirlər ki, səmərəli şəkildə fiziki məsafə saxlamaq səhiyyə sistemlərinə təzyiqi azaldar, təmasların izlənməsinə şərait yaradar.
Araşdırmada o da etiraf edilir ki, fiziki məsafə qaydasının uzadılmasının mənfi iqtisadi, sosial və təhsil fəsadları ola bilər, civilazerbaijan.com məlumat verir.
Alimlər onu da əlavə edirlər ki, qadağalar ləğv olunarsa belə, SARS-CoV-2-yə nəzarət saxlanmalıdır, çünki 2024-cü ilin sonuna yaxın yeni yoluxma dalğası baş qaldıra bilər.
Dünya Səhiyyə Təşkilatının xəbərdarlığına görə, yoluxmalar hələ pik həddə çatmayıb. Hazırda dünyada 2 milyona yaxın insan koronavirusa yoluxub, 124 mindən çox xəstə dünyasını dəyişib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər