ABŞ-ın ATƏT-dəki səfirinin Azərbaycandakı repressiyayla bağlı AÇIQLAMASI
Tarix: 4-08-2020, 20:21
İyulun 30-da ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor ATƏT-in Daimi Şurasına müraciətində Azərbaycanda və bir sıra digər ölkələrdə müxalifətə qarşı repressiya faktlarına toxunub.
CivilAzerbaijan.com-un Turan-a istinadla məlumatına görə, Ceyms Gilmor bildirib ki, bəzi ATƏT ölkələrində ifadə azadlığı hücumlara məruz qalır, “saxta xəbərlər” haqqında qanunlardan isə vətəndaş cəmiyyəti nümayəndələrinin, müxalifətin və ictimai əhəmiyyətli məsələlər üzrə fikir bildirmək istəyənləri susdurmaq üçün istifadə olunur.
“Azərbaycan hakimiyyəti jurnalistləri, müxalifət xadimlərini və fəalları, o cümlədən hökumətin COVİD-19-a reaksiyasını tənqid edənləri həbs edib. Azərbaycan hakimiyyəti həmçinin hökumətdən daha çox şəffaflıq tələb edən və ya sadəcə, öz ifadə azadlığı hüququnu həyata keçirən şəxsləri qorxutmaq və cəzalandırmaq istəyir.
Belə ki, bu həftə Azərbaycan QHT-ləri bildiriblər ki, hakimiyyət siyasi müxalifət üzvlərinə və digər şəxslərə qarşı yeni həbs dalğasına başlayıb, onları dövlət çevrilişinə cəhddə və karantin rejimini pozmaqda ittiham edir”, - Gilmor deyib.
QHT-nin məlumatına görə, Azərbaycanda 100-dən artıq siyasi məhbus var. Onların arasında səhhətilə bağlı problemləri olan müxalifət fəalları Tofiq Yaqublu və Saleh Rüstəmov da var ki, bu da onları COVİD-19 üçün daha həssas edir, Gilmor qeyd edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər