Amnesty Internationaldan Azərbaycanda müxalifətə qarşı repressiyalara ETİRAZ
Tarix: 5-08-2020, 20:14
Avqustun 5-də Amnesty International Azərbaycan hakimiyyətinin siyasi müxalifəti, ifadə azadlığını, dinc toplaşmaq və birləşmək azadlığı hüququnu amansız şəkildə boğmasını pisləyən bəyanat yayıb.
CivilAzerbaijan.com-un məlumatına görə bəyanatda deyilir: “Sonuncu həbs və qorxutma dalğası onsuz da həddindən artıq dağılmış müxalifətin məhvinə gətirib çıxara bilər. 100-dən çox insan, xüsusən müxalifət fəalları və onların tərəfdarları iyulun 14-15-də Bakının mərkəzində keçirilən mitinqdən sonra siyasi motivlərlə həbs edilib”.
Bundan sonra prezident İlham Əliyev açıq şəkildə müxalifəti zorakılıqda ittiham edib, ölkəni “beşinci kolon”dan və “ermənidən daha betər olan düşmənlərdən” təmizləməklə hədələyib.
“Azərbaycan hakimiyyəti siyasi motivli təqiblərə, siyasi rəqiblərini və onların tərəfdarlarını qorxutmağa və onlara qarşı repressiyalara son qoymalıdır. İnsan hüquqlarını həyata keçirdiklərinə görə cinayət işləri və ya inzibati işlər üzrə özbaşına həbs edilmiş bütün şəxslər dərhal və qeyd-şərtsiz azad edilməlidir”, deyə bəyanatda bildirilir.
14-15 iyul mitinqi zamanı həbs edilmiş 70 nəfərdən başqa, Azərbaycan hakimiyyəti çox sayda müxalifət fəalını və liderini saxlayıb. 60-dan çox insan isə ictimai asayişi pozmaqdan polisə müqavimətə qədər ən müxtəlif ittihamlarla həbs edilib. Həbslər konkret olaraq AXCP üzvlərinə, o cümlədən partiyanın 4 rəhbərinə - Asif Yusifli, Bəxtiyar İmanov, Fuad Qəhrəmanlı və Məmməd İbrahimə qarşı yönəlib.
Onlar hamısı uydurma hakimiyyəti zorla ələ keçirməyə cəhd və iğtişaşların təşkili ittihamları ilə uzun müddətə azadlıqdan məhrum edilə bilər. Onların vəkillərlə görüşünə icazə verilmir və qeyri-rəsmi məlumatlara görə, onlar amansız işgəncələrə məruz qalır, deyə Amnesty International-ın bəyanatında bildirilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər