Trump Çini koronavirusu "yaymaqda", İranı terrorda İTTİHAM EDİB
Tarix: 22-09-2020, 20:53
ABŞ prezidenti Donald Trump BMT-nin 75-ci Baş Assambleyasında etdiyi çıxışda Çini koronavirusu yaymaqda ittiham edib.
CivilAzerbaijan.com bildirir ki, o, bir daha koronavirusu “Çin virusu” adlandırıb və beynəlxalq icmanı “bu taunun” yayılmasına görə Çindən məsuliyyət tələb etməyə çağırıb.
ABŞ prezidenti bildirib ki, Çin epidemiyanın başlanğıcında beynəlxalq sərnişin daşımalarını dayandırmayıb və beləliklə də xəstəliyin bütün dünyaya yayılmasına rəvac verib.
Trump-dan az sonra çıxış edən Çin onun ittihamlarını “tamamilə əsassız” adlandırıb.
DST və Çin
ABŞ prezidenti habelə Dünya Səhiyyə Təşkilatını tənqid edib. O, DST-ni səriştəsizlikdə və Çinə tərəfkeşlik etməkdə ittiham edib.
Trump-ın fikrincə, DST koronavirus pandemiyasının başlanğıcında virusun törədə biləcəyi təhlükənin əhəmiyyətini azaldıb və onun təbiəti haqqında düzgün olmayan informasiya yayıb.
ABŞ 2020-ci ilin yazında DST-dən çıxdığını və təşkilatı maliyyələşdirməsini dayandırdığını elan edib.
Üç Amerika vaksini
Trump bildirib ki, üç Amerika vaksini artıq kliniki sınaq fazasındadır və tezliklə bazara çıxacaq. O vaksinin istifadəyə veriləcəyinə dair dəqiq tarix bildirməyib.
ABŞ prezidenti Çini habelə Paris razılaşmasının şərtlərini pozmaqda, atmosferi və dənizləri çirkləndirməkdə ittiham edib.
Trump deyib ki, ABŞ bunun əksinə olaraq dənizə və havaya tullantıları azaldıb, amma buna baxmayaraq hələ də ekologiyaya ziyan vurmaqda günahlandırılır.
Bu da qeyd edilməlidir ki, Trump ABŞ-ı Paris İqlim Razılaşmasından da çıxarıb.
Prezident deyib ki, onun ölkəsi terrorla mübarizəyə böyük töhfə verib. Trump İranı bütün dünyada, xüsusən də Yaxın Şərq və Asiyada terrorun əsas sponsorlarından biri adlandırıb.
O öz çıxışında ABŞ-ın İran generalı Qassem Soleymanini dron zərbəsi ilə məhv etdiyini xatırladıb və deyib ki, bu hərbçi bütün Yaxın Şərqdə terrorun yayılması üçün məsuliyyət daşıyırdı.
Trump deyib ki, ABŞ İŞİD-i “yüz faiz darmadağın” edib, onun lideri Abu Bəkr əl-Bağdadini neytrallaşdırıb. Prezidentin dediyinə görə, İŞİD-in qarşısı mübarizəyə ABŞ-ın qoşulması ilə alınıb.
O Əfqanıstandakı müharibəni də tezliklə başa çatdıracağını deyib. Trump-ın çıxışı əvvəlcədən Ağ Evdə videoya yazılmışdı. Əslində əksər ölkələrin liderlərinin çıxışları bu qaydada hazırlanıb.
Hələ may ayında BMT-nin baş katibi Antonio Guterres koronavirus pandemiyası ilə bağlı dünya liderlərinə Nyu Yorka gəlməməyi, əvəzində çıxışlarının videoyazısını göndərməyi tövsiyə etmişdi.
Bu səbəbdən BMT-nin əsas zalı yarıboş idi. (AzadlıqRadiosu)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər