Vyanada terror: ölən və yaralananlar var
Tarix: 3-11-2020, 13:50
Kansler Sebastyan Kruz noyabrın 2-də Vyananın mərkəzində törədilmiş “mənfur terror hücumu”nu pisləyib. Vyananın mərkəzindəki hücumda azı 3 nəfərin öldürüldüyü bildirilir.
CivilAzerbaijan.com bildirir ki, Daxili İşlər naziri Karl Nehammer noyabrın 3-də jurnalistlərə deyib ki, iki kişi və bir qadın aldıqları xəsarətlərdən vəfat ediblər.
Polis əməkdaşı da yaralanıb
Şübhəli silahlının üstündə avtomat silah və saxta intiharçı jileti olduğu bildirilir, polis tərəfindən güllələnərək öldürüldüyü qeyd edilir. Media daha bir qadının vəfat etdiyini xəbər verir.
Hücum edənlərin dəqiq sayı bəlli olmasa da Nehammerin sözlərinə görə, rəsmilər onların azı bir nəfər olduğuna inandığını deyir. Nazir deyir ki, axtarışlara min təhlükəsizlik əməkdaşı cəlb olunub, qonşu ölkələr yardım təklif edib.
O, ilkin istintaqa əsasən öldürülən şübhəlinin İslam Dövlət qruplaşması tərəfdarı olduğunu vurğulayıb.
Hücum zamanı 28 yaşlı polis əməkdaşı da yaralanıb, ancaq yarasının təhlükəli olmadığı xəbər verilir.
Yeddi yaralının vəziyyəti ağırdır
Avstriyanın “APA” xəbər agentliyi hücumun 17 qurbanının xəstəxanada müalicə aldığını qeyd edir, onlardan yeddisinin vəziyyəti ağırdır.
Kansler Kurz hücum edənlərin “avtomat silahlarla çox yaxşı silahlandığını”, “peşəkar hazırlaşdıqlarını” vurğulayıb.
“Polisimiz bu amansız terror hücumunun təşkilatçılarına qarşı qətiyyətlə hərəkətə keçəcək”, – o, tivitində yazıb.
Avstriyanın “Falter” nəşrinin redaktorunun bildirməsinə görə, öldürülən silahlının 20 yaşı olub, Vyanada doğulub və böyüyüb, yerli kəşfiyyat onu tanıyırmış, çünki Suriyaya getmək istəyən 90 avstriyalı islamçıdan biri imiş.
İnsidenti bir sıra liderlər – Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron, Rusiya Prezidenti Vladimir Putin, AB Şurasının rəhbəri Şarlz Mişel, ABŞ Prezidenti Donald Tramp və Demokratlardan prezidentliyə namizəd Co Bayden pisləyiblər.
Onlar terrorçularla mübarizədə Avstriyaya dəstək bildiriblər, AzadlıqRadiosu-nun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər