Gürcüstanda tütündən istifadə qadağan olunacaq
Tarix: 7-04-2017, 02:00
Gürcüstanda yaşayış binaları və cəzaçəkmə müəssisələri istisna olmaqla, bütün növ binalarda siqaret çəkmək qadağan olunacaq.
SİVİL.AZ xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Tütünə Nəzarət Alyansı məlumat yayıb. Alyansın tütün qadağası haqqında apardığı sorğu ictimaiyyət arasında müsbət qarşılanıb. Gürcüstan parlamentinin deputatları bu sorğunun nəticəsi olaraq “Tütünə nəzarət haqqında” qanuna irəli sürülən dəyişikliklər paketini ilk oxunuşda bəyəniblər. Amma dəyişikliklər barədə müzakirələrin aparılmasının vacib olduğu da vurğulanıb və müzakirədən sonra dəyişikliklərin qəbul ediləcəyi qeyd olunub.
Parlamentinin Səhiyyə Komitəsinin sədri Akaki Zoidze bildirib ki, tütündən istifadə 2018-ci ilin may ayından qadağan olunacaq. O, qanunda edilən dəyişikliklərə əsasən 2020-ci ildə stadionlarda, açıq havada və reklam bazarında tütündən istifadənin qadağan olunacağını və əks təqdirdə, istifadə edən şəxslərin yüksək məbləğdə cərimələnəcəyini söyləyib: “Qadağan olunmuş yerlərdə tütündən istifadə qeydə alınarsa, hüquqi şəxs ilk dəfə 500 lari, ikinci dəfə 2000 və sistematik istifadə etdikdə 5000 lari cərimə olunacaq”.
Aərbaycanlı deputat Savalan Mirzəyev isə APA-ya açıqlamasında tütündən istifadəyə qadağanı ictimaiyyətin tələb etdiyini deyib: “Tütündən istifadənin qadağan olunmasını mən də bəyəndim və təklifləri qiymətləndirirəm. Düşünürəm ki, belə bir addım insanların sağlamlığı üçün faydalı olacaq. Siqaretin ziyanları barədə çox deyilib, çox da yazılıb. İctimaiyyətin haqlı tələbi parlament tərəfindən bəyənilib. Tütünün yaratdığı fəsadlar artıq real olaraq səhiyyəmizi düşündürür və qanunverici orqan olan parlamentin tütün haqqında dəyişikliklər paketi insanların sağlamlığına xidmət edir”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər