ATƏT-in Minsk Qrupu həmsədrlərinin BƏYANATI
Tarix: 15-12-2020, 13:36
ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov – RF, Stefan Viskonti – Fransa və Endryu Şofer – ABŞ) Bakı və Yerevana səfərlərinin yekununa dair bəyanat yayıblar.
CivilAzerbaijan.com həmin bəyanatı təqdim edir:
“Fransalı həmsədr Stefan Viskonti və amerikalı həmsədr Endryu Şofer dekabrın 12-də və 13-də Bakıya və dekabrın 13-də və 14-də Yerevana səfər ediblər. Bakıda onlar prezident Əliyev tərəfindən qəbul edilib və xarici işlər naziri Bayramovla görüşüblər.
Yerevanda onları baş nazir Paşinyan və xarici işlər naziri Ayvazyan qəbul edib. Rusiyalı həmsədr İqor Popov səfərdə iştirak edə bilmədiyinə görə Bakıda Rusiya Federasiyasını Rusiyanın səfiri Mixail Boçarnikov, Yerevanda isə Rusiyanın işlər vəkili Aleksey Sinequbov təmsil edib.
Həmsədrlər həmçinin BQXK-nin və BMT agentliklərinin regionda fəaliyyət göstərən nümayəndələri ilə görüşüblər. Fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Andjey Kaspşik də bütün görüşlərdə iştirak edib.
Hər iki paytaxtda tərəflər yerlərdə vəziyyətə qiymət veriblər və gələn il həmsədrlərlə qarşılıqlı fəaliyyətlə bağlı gözləntilərini dilə gətiriblər. Yeni reallıqları nəzərə alan həmsədrlər regionda sülh, sabitlik və inkişafa yardım və həll edilməmiş məsələlərin həlli məqsədilə tərəflərlə konstruktiv qarşılıqlı fəaliyyətə dəyişməz sadiqliklərini təsdiq ediblər. Həmsədrlər həmçinin görüşlər zamanı qaldırılmış məsələlərlə bağlı tərəflər arasında müzakirə edilməsi üçün konkret təkliflər təqdim etmək öhdəliyi götürüblər.
Bu yaxınlarda tələfata səbəb olmuş insidentlərlə bağlı məlumatlara toxunan həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq vəziyyətin sabitləşməsi üçün əlavə tədbirlər görməyə çağırıblar. Həmsədrlər Ermənistanı və Azərbaycanı bütün saxlanılan şəxslərin dəyişdirilməsini mümkün qədər tez başa çatdırmağa və meyitlərin kimliyinin müəyyən edilməsini və vətənə qaytarılmasını sürətləndirməyə çağırıblar.
Minsk Qrupunun həmsədri olan ölkələrin dekabrın 3-də Tiranda verdikləri bəyanata istinad edən həmsdərlər qalan bütün əsas məsələlərin hərtərəfli və sabit həlli ilə bağlı vahid mövqelərini təsdiq edirlər. Həmsədrlər və tərəflər daha müsbət mühit yaradılması üçün təxribat xarakterli ritorikanın azaldılmasının əhəmiyyətini qeyd ediblər. Həmsədrlər və tərəflər münaqişədən ziyan çəkmiş əhaliyə humanitar yardım göstərilməsi, habelə mədəni və dini irsin qorunması üçün beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın əhəmiyyətini qeyd ediblər”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər