Qərb ölkələrinin Aleksey Navalnının saxlanmasına REAKSİYASI
Tarix: 18-01-2021, 11:23
Mənbə: skynews
Birləşmiş Ştatlar rusiyalı müxalifətçi Aleksey Navalnının Almaniyadan Moskvaya qayıdarkən saxlanmasını pisləyib.
CivilAzerbaijan.com bildirir ki, Dövlət katibi Mayk Pompeo yanvarın 17-də bəyanatında Kremlin tənqidçisini “dərhal və qeyd-şərtsiz buraxmağa” çağırır. O, “problemin Navalnıda olmadığını” deyib.
Pompeo müxalifətçinin saxlanmasının “dərin narahatlıq” doğurduğunu deyərək bunu “Navalnı və Rusiya hakimiyyətini tənqid edən digər müxalifətçi və müstəqil səsləri susdurmaq cəhdi” adlandırıb.
Dövlət katibinin sözlərinə görə, özünə inanan siyasi liderlər “rəqib səslərdən qorxmurlar, siyasi opponentlərinə qarşı zorakılıq etmir, onları qanunsuz saxlamırlar”. O, Rusiya hökumətini bütün siyasi tərəflər və namizədlər üçün bərabər oyun meydanı təmin etməyə səsləyib.
Pompeo deyir ki, Rusiya xalqı ideyaların açıq mübadiləsini, şəffaf və hesabatlı idarəçiliyi dəstəkləyən hökumətə layiqdir.
Biden administrasiyası da bəyanat verib
Yanvarın 17-də yeni prezident seçilmiş Joe Biden administrasiyası Navalnını dərhal buraxmağa çağırıb, “onun həyatına biabırçı hücumun arxasında duranların məsuliyyət daşımalı olduğunu” söyləyib.
“Kremlin Navalnıya hücumları sadəcə insan haqları pozuntusu deyil, səslərinin eşidilməsini istəyən Rusiya xalqının da ziddinə getməkdir”, – Biden administrasiyasında milli təhlükəsizlik müşaviri vəzifəsini icra edəcək Ceyk Salivan tvitində yazıb.
Navalnı ötən avqustda Sibirdə zəhərlənəndən sonra müalicə aldığı Almaniyadan Moskvaya qayıdarkən aeroportda saxlanıb.
Onun saxlanması Avropa hökumətlərini, insan haqları təşkilatlarını qəzəbləndirib.
Avropa Şurasının Prezidenti Şarl Mişel deyib ki, müxalifətçinin saxlanması “qəbuledilməzdir” və o, dərhal azadlığa buraxılmalıdır.
Almaniya və Britaniyanın reaksiyası
Almaniyanın Xarici işlər naziri Heiko Maas yanvarın 18-də Navalnını dərhal azad etməyə çağırıb.
“Rusiya öz konstitusiyasına, beynəlxalq öhdəliklərinə uyğun olaraq hüququn aliliyi və mülki hüquqların qorunması prinsipinə əməl etməlidir”, – Maas bəyanatında vurğulayıb.
“Bu prinsiplər əlbəttə ki, Aleksey Navalnıya da aid olmalıdır. O, dərhal buraxılmalıdır”, – Maas deyib.
Britaniya da Navalnını dərhal buraxmağa səsləyib. Xarici işlər naziri Dominik Raab deyib ki, Moskva müxalifətçinin kimyəvi silah hücumuna necə məruz qaldığını izah etməlidir.
Navalnı saxlanmazdan öncə Şeremetyevo aeroportunda jurnalistlərə bildirib ki, Rusiyaya qayıtdığına görə “xoşbəxtdir”, həbs olunmaqdan qorxmur.
“Qorxmuram, çünki düzgün yolda olduğumu, mənə qarşı cinayət işlərinin quraşdırıldığını bilirəm”, – Navalnı deyib.
Baltik ölkələri tədbirlər tələb edir
“Amnesty International” insan haqları təşkilatının “vicdan məhbusu” adlandırdığı 44 yaşlı siyasətçi ötən yay zəhərlənib. Qərb laboratoriyaları onun Noviçok sinir qazıyla zəhərləndiyini üzə çıxarıb. Zəhərlənmədən bir neçə gün sonra o, Almaniyaya aparılıb.
Rusiyada hökumətə qarşı etirazların təşkilinə görə dəfələrlə saxlanmış Navalnı zəhərlənməsinin arxasında Rusiya hakimiyyətinin durduğunu deyir. Moskva isə ittihamı rədd edir.
Bu zəhərlənmə olayı rusiyalı ikili agent Sergey Skripal və qızının 2018-ci ildə İngiltərənin Solsberi şəhərində zəhərlənməsini yada salıb və beynəlxalq qınağa səbəb olub.
Rusiya həbsxana orqanları onun həbs oluna biləcəyini desə də Navalnı Rusiyaya qayıtmaqda israrlı idi. Navalnının şərti həbs cəzasının şərtlərini pozduğu iddia olunur, 3.5 il həbs oluna biləcəyi deyilir.
Baltik ölkələri olan Litva, Latviya və Estoniya Navalnının saxlanmasıyla bağlı birgə bəyanat verib, Moskvaya qarşı “məhdudlaşdırıcı tədbirlər görməyə” çağırıb.
AzadlıqRadiosunun məlumatında qeyd olunur ki, Çexiya, Polşa, Fransa, İtaliya da siyasətçini dərhal buraxmağa çağırıblar.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər