Sergey Lavrovdan Hadrutda əsir düşən ermənilərlə bağlı AÇIQLAMA
Tarix: 18-01-2021, 15:04
"Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr tarixli üçtərəfli bəyanatının heç bir “məxfi qoşması” yoxdur".
CivilAzerbaijan.com bildirir ki, bu barədə bazar ertəsi keçirilən mətbuat konfransında Rusiya XİN başçısı Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, hazırda hərbi əsirlərin dəyişdirilməsi məsələsi ən kəskin məsələdir. “Rusiya erməni əsirlərin qaytarılması məsələsini tamamilə bağlamağa çalışmaq istəyir”, deyən Lavrov qeyd edib ki, əvvəlcə Ermənistan tərəfi əsirlərin siyahısını tərtib edə bilmirdi.
“Tərəflər ilk növbədə itkin düşmüş şəxslərin siyahılarını tərtib etməli idi. Azərbaycan bu siyahıları verib, onların sayı çox az idi və hamısı, dərhal olmasa da, qaytarılıb. Ermənistan tərəfdən siyahılar dərhal və tam verilməyib. Və sonradan noyabrın 9-da başa çatmış hadisələrin iştirakçısı olan şəxslər dəyişdirilib. Amma indi dekabrda Hadrut rayonunda yaranmış məsələ əsas məsələyə çevrilib. Həmin vaxt oraya göndərilmiş erməni hərbi qulluqçularının böyük hissəsi əsir düşüb. Azərbaycan tərəfi bildirib ki, bu insanlar atəşkəsdən sonra rayona göndərildikləri üçün onlara ayrı qaydada baxılmalıdır. Biz və prezident Putin yenə də məsələnin bağlanması və “hamı hamı ilə” prinsipinin rəhbər tutulması üçün məsələyə baxılmasını davam etdirmək zərurətini təşviq edəcəyik”, deyə Lavrov əlavə edib.
Turanın məlumatına görə, XİN başçısı qeyd edib ki, yekun siyahıları dəqiqləşdirmək üçün erməni həmkarı ilə danışıb. Amma məlum olub ki, əsirlərin sayı, daha əvvəl deyildiyi kimi 62 deyil, daha çoxdur. İndi bu insanların harada ola biləcəyini anlamaq üçün siyahılar yoxlanılır”, deyə Lavrov bildirib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər