Aleksandr Lukaşenko ilk dəfə təyyarə ilə bağlı insidentdən DANIŞDI
Tarix: 26-05-2021, 14:06
Minskdə parlament üzvləriylə görüşən Belarus prezidenti Aleksandr Lukaşenko ilk dəfə "Ryanair" təyyarəsi ilə bağlı insidentdən danışıb.
CivilAzerbaijan.com bildirir ki, BBC-nin mayın 26-da verdiyi xəbərə görə, Lukaşenko çıxışında ölkəsinə qarşı bütün "qırmızı xətlərin" keçildiyini bəyan edib:
"Gözlədiyimiz kimi ölkənin xaricində və daxilində bizim yaxşılığımızı istəməyənlər dövlətə qarşı hücum metodlarını dəyişiblər. Onlar bir çox qırmızı xətləri ayaqlayıblar, sağlam təfəkkürün və insani əxlaqın sərhədlərini keçiblər".
Lukaşenkonun sözlərinə görə, "Ryanair" təyyarəsinin göyərtəsində bomba olmasına dair ismarıc onlara İsveçrədən Polşa "IP-adresləri" vasitəsilə daxil olub.
"Təyyarəni Atom Elektrik Stansiyası (AES) yaxınlığından qaytarıblar. Birdən AES-in təhlükəsizlik sistemləri tam döyüş hazırlığı rejiminə keçsəydi, necə olardı? Mən insanları mühafizə etməklə bütün beynəlxalq qaydalara uyğun davranmışam", - deyə Belarus lideri bildirib.
O, çıxışında təyyarədə terrorçu olduğunu da iddia edib. BBC xəbər verir ki, Lukaşenko terrorçu deyərkən böyük ehtimalla bloqer Roman Protaseviçi nəzərdə tutur. Bloqer belarus güc straukturları tərəfindən beynəlxalq axtarışa verilmişdi.
"Bomba olsa da, olmasa da, əgər təyyarədə terrorçu olduğu barədə məlumat verilsəydi, mən dərhal təyyarənin endirilməsiylə bağlı göstəriş verərdim", - deyə Lukaşenko vurğulayıb.
Mayın 23-də Afina-Vilnüs marşrutu üzrə uçan İrlandiyanın "Ryanair" şirkətinə məxsus təyyarə göyərtəsində bomba olması iddiasıyla Minsk aeroportundan gələn tələb nəticəsində yerə endirilib. Təyyarəni müşayiət etmək üçün Belarus Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" qırıcılarının havaya qaldırıldığı bildirilir. Təyyarə Minsk hava limanına endirildikdən sonra isə xüsusi təyinatlılar göyərtədə olan "Nexta" teleqram-kanalının sabiq baş redaktoru Roman Protaseviçi həbs ediblər.
Belaruslu müxalif jurnalist və bloqer Roman Protaseviç Lukaşenko hakimiyyəti tərəfindən kütləvi iğtişaşlar təşkil etməkdə günahlandırılır. Belarusun güc strukturları bloqeri beynəlxalq axtarışa vermiş və "terrorçu siyahısına" daxil etmişdi. Həyatına təhlükə olacağından ehtiyat etdiyi üçün Protaseviç bir neçə il əvvəl ölkəsini tərk etmişdi.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər