ABŞ və müttəfiqlərinin Rusiyanı SWIFT bank sistemindən çıxarmaqla bağlı QƏRARI

Xəbərin çap versiyası
Tarix: 27-02-2022, 15:52


ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Rusiyanın bir sıra banklarını SWIFT qlobal maliyyə sistemindən kənarlaşdırmaq, habelə Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq Rusiya Mərkəzi Bankına qarşı “məhdudlaşdırıcı tədbirlər” tətbiq etmək barədə razılığa gəlib.

CivilAzerbaijan.com
bildirir ki, ABŞ və müttəfiqləri bu barədə şənbə günü fevralın 26-da qərar qəbul edib.

“Putin hökuməti beynəlxalq maliyyə sistemindən çıxarılır”, Bayden administrasiyasının yüksək səviyyəli rəsmisi şənbə günü jurnalistlərə bildirib. “Aydın olmaq üçün bu, Ukrayna xalqı, Rusiya xalqı və bir çox başqaları üçün kədərli bir nəticədir. Bizim istədiyimiz bu deyil. Amma bu, Putinin seçimilə olan müharibədir və onun bundan nə qədər əlavə bədəl ödəməyə hazır olduğuna yalnız Putin qərar verə bilər. ABŞ, müttəfiqlərimiz və tərəfdaşlarımız vahid mövqedədir və bu tədbirlərə davam edəcəyik”.

Rusiya bankalarının SWIFT sistemindən çıxarılması haqda qərar Avropa Komissiyası, Böyük Britaniya, Kanada, Fransa, Almaniya və İtaliya ilə birgə elan edilib.

Ölkələr bu birgə tədbirləri Rusiyanın hərbi müdaxiləyə görə “ciddi məsuliyyət daşıması və bu müharibənin Putin üçün strateji uğursuzluq olmasını kollektiv şəkildə təmin etməyə” yönəlmiş maliyyə sanksiyalarının yeni mərhələsi olaraq elan edib.

“Rusiya qüvvələri Kyivə və Ukraynanın digər şəhərlərinə hücumlar həyata keçirdiyi vaxt biz Rusiyanı beynəlxalq maliyyə sistemindən və iqtisadiyyatımızdan daha da təcrid edən maliyyə tədbirlərini davam etməkdə qərarlıyıq. Yaxın günlərdə bu tədbirləri həyata keçirəcəyik” – deyə, qrupun bəyanatında bildirilir.

Ağ Ev fevralın 26-da Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər haqqında bəyanat yayıb.

“Biz, Avropa Komissiyası, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Kanada və ABŞ liderləri Putinin suveren ölkəyə və Ukrayna xalqına hücum seçimini pisləyirik. Biz Ukrayna hökumətini və Ukrayna xalqını Rusiyanın hərbi müdaxiləsinə müqavimət göstərmək üçün göstərdikləri qəhrəmancasına səylərində dəstəkləyirik. Rusiyanın başlatdığı müharibə İkinci Dünya Müharibəsinin sonundan bəri mövcud olan və bizim sadiq olduğumuz fundamental beynəlxalq normalara hücumdur. Biz Rusiyanı cavabdeh tutacağıq və kollektiv şəkildə bu müharibənin Putin üçün strateji uğursuzluq olmasını təmin edəcəyik”, bəyanatda deyilir.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Brüsseldə bildirib ki, bir neçə Rusiya bankının SWIFT-dən çıxarılması “bu bankların beynəlxalq maliyyə sistemindən kənarda qalmasına zəmanət verir ki, bu da onların işinə qlobal miqyasda ziyan vuracaq”. O həmçinin “lazım gəlsə” daha çox bankın kənarlaşdırılacağını əlavə edib.

Von der Leyen habelə bildirib ki, Avropa İttifaqı “Rusiya hökuməti ilə əlaqəsi olan zəngin rusların bizim ölkələrin vətəndaşı olmasına və bizim maliyyə sistemlərimizə daxil olmasına imkan verən “qızıl pasportlar” adlanan Aİ vətəndaşlığı pasportlarının verilməsini məhdudlaşdırmaq üçün tədbir görməyi öhdəsinə götürür”.

ABŞ Avropa İttifaqı və Britaniyanın atdığı oxşar addımlardan sonra cümə günü Rusiya prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun aktivlərini donduracağını açıqlayıb. ABŞ və Avropa İttifaqı bu tədbirləri dünya ölkələrinin Rusiya hökumətinə qarşı Ukraynaya hərbi hücumla bağlı sanksiyaları sərtləşdirməyə çalışdığı vaxt həyata keçirir.

ABŞ və müttəfiqləri Putinin Ukraynanın şərqində Luqansk və Donetsk bölgələrini müstəqil dövlətlər elan etməsindən sonra sanksiyaların ilk paketini çərşənbə axşamı günü tətbiq edib.

Amerikanın Səsinin məlumatına görə, Prezident Bayden Rusiyanın Ukraynaya hərbi hücuma başlamasından bir neçə saat sonra cümə axşamı günü Rusiyaya qarşı yeni sanksiyalar paketi əlavə edərək, Ağ Evdə Böyük Yeddilər və NATO liderləri ilə virtual görüşdən sonra bildirib ki, “Putin bu müharibəni seçdi və indi o və ölkəsi bunun nəticələri ilə üzləşəcək”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz