Amerika Birləşmiş Ştatlarından Rusiyaya yeni SANKSİYALAR

Xəbərin çap versiyası
Tarix: 15-03-2022, 13:56


Bazar ertəsi ABŞ Ukraynada müharibə ilə əlaqədar Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotov, hərbi-texniki əməkdaşlıq üzrə direktor Dmitri Şuqayev və “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev, eləcə də müdafiə nazirinin səkkiz müavininə sanksiyalar tətbiq edib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

"Dünya Rusiyanın Ukraynaya məqsədli, təhrik edilmədən və haqsız hücumunu dəhşətlə müşahidə etdi. Rusiyanın Ukraynaya hücumu günahsız dinc sakinlər və uşaqlar da daxil olmaqla, adamların kütləvi əziyyət çəkməsinə və ölümünə səbəb oldu", - Dövlət Departamentinin bəyanatında deyilir.

Bu şəxslər ABŞ-da mülkiyyəti bloklanacaq şəxslər siyahısına daxil ediləcəklər. Bundan əlavə, bu adamlarla birbaşa və ya dolayısı ilə əlaqəsi olan istənilən hüquqi şəxs (firmalar və ya şirkətlər) və maliyyə əməliyyatları bloklanır.

Bu addım Rusiyanın NATO üzvü olan Polşanın sərhədindən 15 mildən az məsafədə, Ukraynanın qərbindəki Yavorov şəhərinə uzaqmənzilli aviazərbə endirməsindən bir gün sonra atılıb. Bir neçə həftə öncə həmin yerdə Florida Milli Qvardiyasının əsgərləri Ukrayna hərbçilərilə birlikdə təlim keçiblər, amma amerikalılar artıq orada deyil, -Pentaqondan Turan-ın müxbirinə bildiriblər.

“Bu, rusların bu yaxınlarda Qərbi Ukraynaya endirdikləri bir neçə raket zərbəsindən ancaq biridir”, - Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

“Əgər Rusiya prezidenti NATO-ya siqnal göndərməyə ümid edibsə, uğursuz olub. Putin istəmədiyi şeyi alır: güclü, vahid NATO”, - Kirbi əlavə edib.

“Demək olar ki, son bir neçə gündə biz Almaniyadan Polşaya bir neçə “Patriot” batareyası çıxardıq və NATO-nun şərq cinahının müdafiəsi lazım gələrsə, yenidən dislokasiyasını davam etdirəcəyik”. Putinin Ukraynadakı müharibəsi minlərlə insanın həyatına son qoyub, çoxları qaçqın düşüb, evlərini və əmlakını itirib.

Həftəsonu prezident Bayden Ukrayna üçün təhlükəsizlik sahəsində 200 milyon dollar məbləğində əlavə yardım paketinə sanksiya verib. Bu, prezidentə ABŞ-ın hərbi ehtiyatlarından silah və hərbi sursat çıxararaq onları başqa ölkələrə verməyə imkan yaradır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz