Avropa Şurası Ukraynaya yardımla bağlı xüsusi iclas keçirəcək

Xəbərin çap versiyası
Tarix: 28-05-2022, 01:14


Mayın 27-də prezident Şarl Mişel Avropa İttifaqının üzvlərinə məktub göndərib.

Civilazerbaijan.com
bildirir ki, məktub 30-31 may tarixlərində keçiriləcək xüsusi iclasla bağlıdır.

"Biz energetika, ərzaq təhlükəsizliyi və müdafiə məsələlərində Ukraynaya necə kömək edəcəyimiz barədə müzakirələrimizi davam etdirmək üçün 30-31 may tarixlərində Avropa İttifaqının xüsusi iclasında yığışacağıq.

Ukrayna Rusiyanın təcavüzü və vəhşilikləri qarşısında inanılmaz cəzarət və ləyaqət nümayiş etdirir. Biz ilk gündən Ukrayna xalqına və ölkə rəhbərliyinə səbatlı humanitar dəstək, maliyyə dəstəyi, hərbi və siyasi dəstək göstəririk. Biz Rusiyaya təzyiq göstərməyə davam edəcəyik. Birliyimiz həmişə ən güclü aktivimiz olub. Bu, bizim rəhbər prinsipimiz olaraq qalır", deyə Avropa İttifaqının mətbuat xidmətinin sitat gətirdiyi müraciətdə bildirilir.

"Prezident Zelenski videorabitə vasitəsilə bizə qoşulacaq. Bizim təxirəsalınmaz vəzifələrimizdən biri beynəlxalq tərəfdaşlarımızla birlikdə Ukrayna dövlətinin tələbatlarının təmin edilməsində ona kömək göstərməkdir. Biz həmçinin Ukraynanın bərpasına dəstəyimizi ən yaxşı şəkildə necə təşkil edə biləcəyimizi müzakirə edəcəyik, belə ki, ölkənin bərpası üçün böyük qlobal səylərə ehtiyac olacaq", deyə məktubda qeyd edilir.

Turanın məlumatına görə, müraciətdə həmçinin deyilir ki, Rusiyanın təcavüzünün qlobal ərzaq təhlükəsizliyi və dünyanın bir çox hissələrində aclıq üçün ciddi təsirləri olacaq.

"Rusiyanın Ukraynaya qarşı müharibəsi bizim Avropanın güclü və əlaqələndirilmiş müdafiəsi üzrə səylərimizi daha da gücləndirib. Asvropa Müdafiə Agentliyinə vəziyyəti təhlil etmək və Avropanın müdafiə sənayesinin gücləndirilməsi üzrə təşəbbüslər irəli sürmək tapşırılıb", deyə Mişel qeyd edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz